Modelyer Rüfət İsmayıldan daha bir ilk: Kolleksiyasını onlayn dəfilə ilə təqdim etdi – FOTO/VİDEO

05:00 11-05-2020 537

Azərbaycanlı modelyer Rüfət İsmayılın türkiyəli maneken Tülin Şahinin baş modelliyində hazırladığı, Nyu-York və Londonda nümayiş olunması planlaşdırılan “Extravaganza” dəfiləsi koronavirusa görə təxirə salınmışdı.

“Haber Global” xəbər verir ki, sözügedən dəfilə onlayn formada baş tutub.

“New York Fashion Week”də həyata keçirdiyi nümayişlərlə dünya modasına özünü tanıdan, Beyons, Cenifer Lopez, Aşanti, Ariana Qrande və digər məşhur simaların modelyeri olan məşhur həmyerlimiz Rüfət İsmayıl yeni “Extravaganza” kolleksiyası ilə Türkiyədə ilkə imza atıb.

Onlayn platformada baş tutan moda nümayişində məşhur türkiyəli model Tülin Şahin öz evini podiuma çevirərək Rüfət İsmayılın 2020 payız-qış kolleksiyasından beş paltarı izləyicilərə təqdim edib.

Ümumilikdə 32 dizayn və 150 hissədən ibarət olan “Extravaganza” kolleksiyası təqdimatını Tülin Şahin öz cib telefonu ilə çəkərək yayımlayıb

Hər iki məşhur onlayn dəfiləni social media hesablarından paylaşaraq Türkiyədə bu aksiyanın ilk təmsilçiləri olub.

Qeyd edək ki, Rüfət İsmayıl ilk və yeganə azərbaycanlı dizaynerdir ki, kolleksiyaları İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi mötəbər podiumlarda nümayiş etdirilib.  

“FashionTV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.  

Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib. Rüfət İsmayıl 2019-cu ildə “Men’s Health” kişi jurnalının siması olan ilk azərbaycanlı kimi tarixə düşüb.