Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO

12:00 12-05-2020 550

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti  əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Gürcüstan vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Qabil Əliyev tutulub. 

Onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 840 qram narkotik vasitə olan heroin və 1 kiloqram 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Q.Əliyev ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qabil Əliyev cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.