ABŞ-da 11 sentyabr hadisələrində şübhəli bilinən rəsmi şəxsin adı “təsadüfən” açıqlandı

10:00 13-05-2020 316

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) 2001-ci ilin 11 sentyabr hücumunda şübhəli bilinən Səudiyyə Ərəbistanı rəsmisinin adını açıqlayıb.

“Yahoo News” xəbər verir ki, 19 il əvvəl Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzində baş vermiş terror hadisəsində “Əl-Qaidə” terrorçularına kömək etməkdə şübhəli bilinən Səudiyyə rəsmisinin adı “təsadüfən” açıqlanıb.

FTB 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyində işləyən Mussaed Əhməd Əl Cərrahın adını 11 sentyabr qurbanlarının ailələrinin təqdim etdiyi sənədlərdən birində silməyi unudub. Məhkəmə sənədində Əl Cərrahın ÜmumDünya Ticarət Mərkəzinə intihar hücumu edən “Əl-Qaidə”nin iki terrorçusuna kömək etməkdə şübhəli bilindiyi qeyd edilib.

Sənəd FTB-nin yüksək vəzifəli rəsmisi tərəfindən hazırlanıb və bu həftə ictimaiyyətə açıqlanıb.

Əl Cərrahın hazırda harada olduğunun bilinmədiyi vurğulanır.

Xatırladaq ki, 2001-ci ilin 11 sentyabr tarixində baş vermiş terror aktı zamanı dörd sərnişin təyyarəsi qaçırılıb, təyyarələrdən ikisi “Əkiz qüllələr”ə çırpılıb. Digər qaçırılan təyyarə paytaxt Vaşinqtonda Pentaqonu hədəf alıb, dördüncü təyyarə isə “F-16”lar tərəfindən Pensilvaniyada vurulub.

“Əkiz qüllələr”də 2 606 nəfər, Pentaqonda 125 nəfər və qaçırılan təyyarələrdə 246 nəfər ölüb. Hücumlarda 19 terrorçu ilə birlikdə ölənlərin ümumi sayı 2 996-ya çatıb.

Bundan sonra ABŞ-ın keçmiş Prezidenti Corc Buş Əfqanıstan və İraq ərazisinə hərbi müdaxilə qərarına gəlib.