İcra məmuruna hökm oxundu - Vətəndaşları işə düzəltmək adı ilə aldadırdı

15:00 16-07-2019 349

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

HerGun.Az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Məmmədov altı il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama əsasən, A.Məmmədov vətəndaşlar Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini versə də, əməl etməyib.

Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.