Elnarənin sözləri Mətanəti qəzəbləndirdi: “Özünü hörmətdən salır”

21:00 19-05-2020 611

Əməkdar artist Elnarə Abdullayevanın dediyi “Oğluma müğənni qız almaram” fikirləri ATV-də yayəmlanan “7 canlı” axşam şousunda müzakirə olunub.  

HerGun.Az xəbər verir ki, sözügedən proqramda qonaq olan Əməkdar artist Mətanət İsgəndərli həmkarının fikirləri ilə razılaşmayıb, onu tənqid edib.  

“Sözü ikimənalı şəkildə demək olar. O Elnarənin şəxsi fikridir. Bir var o fikirləri dilə gətirəndə alçaldıb deyirsən, bir də var ki, mövzunun üzərindən heç kimin xətrinə dəyməyərək, ehmalca keçirsən. Bir sözlə, nə şiş yansın, nə də ki kabab. Misal üçün gəlinim müğənnidirsə, heç zaman onu pisləmərəm. Lap heç müğənni olmasın, həkim olsun və ya hansısa bir digər peşənin sahibi. Elə insanlar tanıyıram, istəyir ki, onun gəlini məşhur xanım olsun və ya bəy istəyir ki, gözəl bir model xanımla evlənsin, ailə qursun.

Hərənin bir baxış bucağı var. Heç kimi pisləyib, gözdən salmaq olmaz. O da bir ailənin övladıdır, onu da bir ana dünyaya gətirib. İnsanın tərbiyəsi əxlaqından, daxilindən asılıdır. Belə fikirləri bir sahəyə aid etmək olmaz. Bu, tamamilə səhv düşüncələrdir. Əgər sən özün bu sənətdəsənsə, öz sənətinə hörmətlə yanaşmalısan. Başqalarını da çağırmalısan ki, sənin sənətinə hörmət etsinlər. Bu cür fikirlər söyləyən özünü hörmətdən salır. Əgər pisdirsə, o zaman niyə bu sənətə gəlmisən?”  

Rəşad Əliyev