Güc strukturları əməkdaşlarının maaşı artırılır - 40 faiz

20:00 18-06-2019 615

Prezident İlham Əliyev Azərbaycanın güc strukturları əməkdaşlarının maaşlarının artırılması haqqında bir sıra sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılır.

Bundan başqa, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı da vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılacaq.

Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.