“Everton”un sabiq hücumçusu “Qarabağ”da

17:45 16-07-2019 21

“Qarabağ”ın  dördüncü transfer edəcəyi futbolçunun adına aydınlıq gəlib.

HerGun.Az xəbər verir ki, bu, son olaraq Türkiyənin “Osmanlıspor” klubunda çıxış etmiş Fransa doğumlu, Seneqal əsilli mərkəz hücumçusu Maqay Qey artıq “Qarabağ”la anlaşıb.

29 yaşlı oyunçu 2010-2014-cü illərdə İngiltərə Premyer Liqa klubu “Everton”da çıxış edib.

Bu futbolçu ilə sabah müqavilə bağlanılacağı gözlənilir. Klubun direktoru Əmrah Çəlikəl isə HerGun.Az-a açıqlamasında bunu nə təsdiq, nə də təkzib edib:

“Biz hələlik dördüncü transferimizin adını açıqlamaq istəmirik. Bu siz dediyiniz futbolçu da ola bilər, olmaya da. Hazırda klubun “Facebook” səhifəsində bununla bağlı yarış gedir. Ona görə də ad açıqlamaq istəmirəm. Amma bundan sonra da transferlərimizin olması mümkündür”.

Yeri gəlmişkən, “Qarabağ” yay transfer dönəmində ancaq legioner futbolçuların transferi ilə məşğuldur. Bəs niyə yerli futbolçular transfer edilmir?

“Baş məşqçimiz Qurban Qurbanov transfer məsələlərində yerli futbolçuları da transfer etməyi düşünür. Ancaq görünür, onun istədiyi səviyyəyə, istədiyi mövqeyə cavab verən yerli futbolçu yoxdur”, - Ə.Çəlikəl qeyd edib.

Səbuhi Musayev