Azərbaycanın yarımçıq qalmış 21 çempionatı barədə qərar verildi

16:00 22-05-2020 601

AFFA İcraiyyə Komitəsi yarımçıq saxlanılmış 21 liqa ilə bağlı qərarlar qəbul edib.

HerGun.Az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılıb.

Final mərhələsi pley-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan edilib. Beləliklə, “Sabah” U-17 liqasının, “Qəbələ” isə U-16 və U-15 liqalarının çempionu olub.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulub.

Azərbaycan Premyer Liqası və I Divizionla bağlı məsələyə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, COVID-19 pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

Futzal üzrə Yüksək Liqa, I Liqa, II Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunacaq. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul ediləcək.

Səbuhi Musayev