Gürcüstanla Ermənistan arasında problem yaranıb

01:20 24-05-2020 17

Gürcüstanın Yerevandakı səfirliyi Ermənistanın Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici işlər naziri Davit Zalkaliani bildirib.

Onun sözlərinə görə, səfirlik Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın Gürcüstanda koronavirusla bağlı göstəricilərə dair səsləndirdiyi son bəyanatlardan narazılıq bildirib.

XİN başçısı deyib ki, erməni nazirin açıqlamaları mediada işıqlandırılandan sonra səfirlik də daxil olmaqla, diplomatik kanallar vasitəsilə dərhal münasibət bildirilib:

“Əlbəttə ki, yumşaq desək, bu, qonşu və dost ölkə, o cümlədən, səhiyyə naziri kimi yüksək səviyyəli rəsmi məmur tərəfindən çox səhv olub”.

D.Zalkaliani qeyd edib ki, Ermənistanın Səhiyyə Nazirliyi Gürcüstan səfirliyi ilə əlaqə saxlayıb və nazirin sözlərinin mediada düzgün formada əks etdirilmədiyini bildirib:

“İnanmaq istərdim ki, nazirin sözləri KİV-də düzgün ifadə edilməyib və Səhiyyə Nazirliyinin səfirliyimizə müraciətindəki narahatlıq da səmimi olub”.