Mazoxistlər sadistə rast gəlmişdilər - Sovetantroplar aşkına

21:09 16-07-2019 392

Aqşin Yenisey yazır...

Uzun əziyyətdən sonra, nəhayət ki, 2,8 milyon il əvvəl ilk insan Afrikada göründü. Ancaq onun “vidinə” baxanda heç cür demək və düşünmək olmazdı ki, cəmdəyindən cin ürkən bu tüklü-müklü məxluq cənnətdən qovulub. İlk insan daha çox cəhənnəmdən qaçana oxşayırdı. Sonra Afrikada “Homo gautengensis” adlı başqa bir insan növü yarandı, “Homo gautengensis”ləri “Homo habilis”lər əvəz etdilər, sonra “Homo erectus”, “Homo neanderthalensis”, “Homo floresiensis”, “Homo sapiens”, “Homo sapiens idaltu” və son olaraq biz, yəni “Homo sapiens”lər yer üzünə əşrəflik etmək üçün dalbadal “nazil olduq”.

Sonra bu sonuncu “Homo sapiens”lərdən müxtəlif dini-siyasi ideologiyalar müxtəlif insan sortları əmələ gətirdilər. İnsanlar şəkildən-şəklə düşdükcə cəmiyyətlər, xalqlar da rəng verib rəng aldılar. Onlardan biri də kommunizmin antropoloji eksperimentinin nəticəsi olaraq yaranan və hal-hazırda post-sovet məkanında yaşayan, burjualaşmış proletar olduğunu bahalı əyin-başı, inzibati sir-sifəti ilə gizləyən, bizim “Sovetantrop” adı qoyduğumuz insan sortudur. Bir növ, dilənçinin milyonçu oğlu. 

Qapalı mühitlərdə ictimai həyat icma həyatıdır, burada şəxsi olan hər şey icma mənafeyinə qurban verilir. İcmanın mənafeyinə xidmət etməkdən boyun qaçıran hər bir fərdi cəza gözləyir; sui-qəsd, sürgün, həbs və ən yaxşı halda lənətlənib yəhudi icmasından qovulan Spinozasayağı tənhalıq. Bir qərinəyə yaxındır ki, sovet imperiyası dağılıb, amma post-sovet ölkələrində sovet icma ənənələri hələ də yaşayır, sovetdənqalma ictimai yumruqlar hər yerdə fərdi əzməklə məşğuldur. Sosial şəbəkələrdə şəxsi, fərdi mövqeyini, mənafeyini ortaya qoyan hər bir kəsi icma lənətləyir.

Nə üçün “sovetantroplar” icmaya can atır, yaxud onun dağılmasını istəmirlər?

Erik Fromm “Azadlıqdan qaçış” əsərində bunu belə izah edir ki, insanlar qəfil baş verən proseslər nəticəsində azadlıq əldə etdikdən sonra verəcəkləri qərarlarından qorxub, iradələrini, özlərini təslim edəcəkləri liderlər axtararlar. Hətta bunu qanuniləşdirməkdən belə çəkinməzlər. Məsələn, Almaniyada 1919-cu ildə qəbul olunan Veymar konstitusiyası 48-ci - dövlət başçısına ölkəni öz sərəncamları ilə idarə etmək hüququ verən - maddəsiylə Hitlerə imkan verdi ki, özünü alman xalqının şəksiz və şəriksiz liderinə çevirsin. Çünki “mazoxistlər sadistə rast gəlmişdilər”.

Eyni “aşk” Stalin və sovet xalqları arasında da yaşandı; Romanovlardan sonra başsız qalan geniş xalq kütlələri bir könüldən min könülə Kobaya aşiq oldular.  

Fromm deyir ki, çoxluq azadlıq zad istəmir, sərbəst qərarlar verməkdən zəhləsi getdiyi (ya da bunu bacarmadığı) üçün sürüyə, icmaya tabe olmağa, kiməsə, nəyəsə sığınmağa üstünlük verir. Bu niyyətin kökləri ibtidai instinktlərə qədər uzanır.

Bu gün Azərbaycanda nəsillər arasındakı anlaşılmazlığın da kökündə bu durur; atalar onlar üzərində aparılmış ideoloji eksperimentin nəticəsinə uyğun olaraq şəxsiyyət olmanın yerini icma üzvlüyündə görürlər, oğullar isə icmanı şəxsiyyətə qarşı yaradılmış sui-qəsdçi təşkilatı kimi xarakterizə edib ondan qaçırlar. İcma şəxsiyyət yetişdirə bilməz, şəxsiyyət olmanın yolu fərd olmaqdan keçir.

İngilis tarixçisi Vilyam Vudruf  “Modern dünya tarixi” kitabında yazır ki, Renessansdan sonra Qərbin inkişafını icmaya deyil, fərdə verdiyi dəyər müəyyənləşdirdi. Müsəlman Şərqində isə hələ də fərdi icmanın yolunda qurban deyib, qarnına bomba bağlayırlar. 

Təkliyə, fərdiliyə nifrət tərbiyəsi və təlimi almış bu post-sovet icmalar çox yaxşı bilirlər ki, fərdiləşmiş, özünü icmadan hesab etməyən hər bir kəs onların düşmənidir. Kütləvi standartların kənarına çıxmış fərd köhnə bazarda təzə nırx deməkdir, ona görə də sovetantroplardan ibarət icma yaradıcılığa, yeniliyə də nifrət etmək zorundadır. Bəs icmalaşma nə zaman öz gücünü itirir, fərdiləşmə necə baş verir? İcmadan qopma nə zaman çıxış yoluna çevrilir? 

“Fərd onu ətraf mühitə bağlayan simvolik göbək bağından nə dərəcədə xilas ola bilibsə, o dərəcədə azaddır, xilas olmadığı dərəcədə isə azadlıqdan məhrumdur; Amma bu bağlar ona güvənmək hissi, aid olma, köklərinin bir yerə bağlı olduğu duyğusunu verir”. Frommun bu təsbiti o deməkdir ki, hər bir şəxs gec-tez bu seçimlə üzləşir: ya onu ətraf mühitə bağlayan göbək bağını öz əlləri ilə qırıb risk və təhlükələrlə dolu azadlığa can atmalı, ya da heç bir risk və təhlükə vəd etməyən aid olduğu mühitə möhkəm bağlanmaq üçün bu bağı daha da möhkəmlətməlidir. 

Sovetantroplar və onların ideoloji törəmələri ikincini seçirlər. Onlar “bətndə”, qapalı mühitdə olduğu müddətdə çöldəkilərin dünyanın düşmənlə dolu olduğu söhbətlərini eşidirlər və göz yaşları ilə başlayan doğuşu, azadlığı deyil, ananın bədənindən qidalanan parazit həyatı seçirlər. Bu hal, bir növ, ana bətnində böyüyən və ananın bədənindən asılı vəziyyətdə yaşayan, risk və təhlükələrlə dolu dünyaya gəlmək istəməyən, ana bətnindəcə qocalıb ölən fantastik bir əsər qəhrəmanının həyatına bənzəyir.  

Əsər demişkən, Aristotel şəxsin xarakterindəki qüsuru ədəbiyyata gətirdiyi “hamartiya” kəlməsi ilə (qarğanmış tale, tanrının zavalına gələn) izah edirdi və o, belə düşünürdü ki, qüsurlu xarakter cəmiyyətin yuxarı təbəqəsindən olan insanlarına xasdır. Aristoteldən ta Dikkensin “balaca adam” ideyasına qədər Qərb ədəbiyyatı yalnız yuxarı təbəqədən olan trajik qəhrəmanlarla doludur. Qərb ədəbiyyatı hamartiyalı insanları öz qəhrəmanına çevirməklə, bir növ, süzgəc rolu oynayırdı, qüsurlu xarakterlər ədəbiyyatda filtrasiya prosesinə məruz qalaraq cəmiyyətə daxil olurdular. Sənətin, ədəbiyyatın funksionallığı da bu süzmə, arıtlama prosesi zamanı üzə çıxırdı. Bizdə isə sənət həmişə kababın deserti kimi işə yaradığından üst təbəqədən olan qüsurlu xarakter ədəbi filtrasiyaya rast gəlmədən birbaşa cəmiyyətə gəlir.

Ədəbiyyatımızın zatı mədhiyyə xəmiri ilə yoğrulduğu üçün yuxarıdan gələn qüsurlu xarakter bizdə müsbət qəhrəman kimi tərənnüm olunur. Azərbaycanda hansı nəsli qurdalasan bu cür “müsbət qəhrəman”ın – ana arının işığına yığışdığını görəcəksən. Mənə inanmırsansa, istənilən evdə borc dəftəri kimi qorunan toy siyahılarına baxın, görün orada ən çox pul yazdıran adam kimdir və həmin evdə o imkanlı şəxsin adı insanlığın hansı məqamında çəkilir.   

Bizim ictimai insan deyib başına deyil, daha ətli bir əzasına and içdiyimiz sovetantrop, əslində kimdir? Birmənalı olaraq, keçmişin qalığı. O, gələcəyin yaradıcısı yox, keçmişin keşikçisidir. Kasıbı dinin və imkanlısı sovetizmin tör-töküntüsü ilə qidalanır. Onun gələcəyə aid heç bir ümidi, xəyalı yoxdur. O yaratmır, amma dağıtmağa da qoymur. Gələcək onu vahimələndirir. O, ictimai fiqur olsa da, qalada yaşamağı sevir, sovetdənqalma kabinetini, imtiyazlarını, nüfuzunu ancaq özünün müdafiəsinə xərcləyir. Çünki o bilir ki, bunlardan başqa ona aid olan fərdi heç bir dəyəri yoxdur. Onun şəxsi düşmənləri belə onun özünə deyil, kabinetinə, imtiyazlarına göz tikənlərdir. Onu öz qalasından qovsan heç kim onunla maraqlanmayacaq, çünki qiymətli olan o deyil, gizləndiyi qalasıdır. Bizim ictimai insanın kostyumunu futbolka ilə əvəz etmək yetər ki, o, heç kimə çevrilsin. Ona görə o yatanda da qalstukla yatır. Onun vur-tut bir pencəklik canı var. Bizim ictimai insan indi, sadəcə, pencəkdən ibarətdir. 

O, ümumi sözlərin və kütləvi düşüncələrin bozqırında itkin düşüb; özündən sonra heç bir iz qoymadan. Düzünə qalsa, onu indi heç axtaran da yoxdur.  Ejen İonesko özünün “Kərgədan” pyesində mənim bayaqdan haqqında üyüdüb-tökdüyüm sovetantrop insanının məqsədə çevrilmiş xarakterini bu dialoqda daha aydın göstərir:              

Beranje: Bu həyata öyrəşə bilmirəm.
Jan: Hamı öyrəşir, buna bax bir, guya, fövqəlbəşəridir.
Beranje: Elə bir iddiam yoxdur.
Jan: Fövqəlbəşəri öz borcunu yerinə yetirən insandır.
Beranje: Hansı borcunu?
Jan: Hm… öz borcunu… deyək ki, vəzifə borcunu.