Almaniyanın qərarı Prezident İlham Əliyevin innovativ xarici siyasət kursunun təntənəsidir – ŞƏRH

19:40 24-05-2020 451

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Almaniya Federativ Respublikasının Ermənistanın təxribatının qarşısının alınması ilə bağlı qərarını şərh edib.

E.Nəsirov HerGun.Az-a açıqlamasında deyib ki, Dağlıq Qarabağda martın 31-də keçirilən qondarma “parlament və prezident seçkilərinin” ardınca Almaniyanın addımı çox müsbət hadisədir.

Deputatın fikrincə, Almaniya dövlətinin Qarabağ separatçılarının ölkədəki “nümayəndəliyini” bağlamaq qərarı rəsmi Berlinin Azərbaycana yüksək önəm verdiyinin göstəricisidir. Komitə üzvü iki ölkə arasındakı siyasi-iqtisadi münasibətlərin tarixi ilə bağlı bir neçə faktı da xatırladıb:

“Almaniya-Azərbaycan münasibətləri kifayət qədər yaxşıdır, ikitərəfli əlaqələr müsbət tempdədir. 1995-1996-cı illərdə Azərbaycan tərəfinin mövqeyi belə idi ki, Almaniya ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olsun. Səbəb də bu idi ki, Almaniyada çox böyük türk diasporu var və ermənilərin mövqeləri zəifdir. Digər məsələ isə bundan ibarət idi ki, Almaniyanın “Demineks” şirkəti “Əsrin müqaviləsi”ndə iştirak etmək mövqeyini ortaya qoymuşdu”.

Millət vəkilinin fikrincə, Almaniyanın qondarma rejimin “nümayəndəliyinin” fəaliyyətinin ləğvi barədə qərarı Azərbaycan Prezidenti İlham Əliyevin fəal, çevik, hücum praktikasına söykənən, innovativ xarici siyasət kursunun təntənəsidir.

“Bununla Ermənistan tərəfinə bir daha xatırladıldı ki, onların qondarma rejimin təbliği barədə siyasəti iflasa uğrayacaq”, - deyə E.Nəsirov əlavə edib.

Xatırladaq ki, Almaniya Xarici İşlər Nazirliyi (XİN) qondarma “Arsax Respublikası”nı tanımadığını bəyan edib. Bununla yanaşı bildirib ki, Almaniyada bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri, nə də qəbul edilmiş nümayəndəliyi mövcuddur.

Almaniyanın Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən, bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. “Buraya, həmçinin, o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır”, - deyə Almaniya XİN bildirib.

Beləliklə, rəsmi Berlin qondarma “Arsax Respublikası”nın Almaniyadakı daimi nümayəndəliyi”nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyanat verib. Rəsmi Berlinin bu bəyanatını sərbəst interpretasiya etmək cəhdlərinə yol verilməməsi məqsədilə Almaniyada az qala “Arsaxın Almaniyadakı səfiri” kimi təqdim olunan Arutyun Qriqoryana xəbərdarlıq edilib:

“Bununla bağlı Almaniya XİN cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq-hüquqi subyektliyinin hər hansı görünüşünün və onunla bağlı diplomatik və konsulluq nümayəndəliyinin yaradılmasını dərhal dayandırmağı yazılı şəkildə tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə hüquqi tədbirlər görüləcəyi nəzərə çatdırılıb”.

Aqşin Kərimov