Könüllülərdən koronavirusla bağlı daha bir maraqlı aksiya - FOTO

09:20 27-05-2020 332

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniyanın məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, həm xəstəliyin yayılmasının qarşısının alınması üçün vaxtında səmərəli tədbirlər həyata keçirən dövlətimizə, həm də koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə gecə-gündüz çalışan vətəndaşlarımıza könüllülərin dəstəyini nümayiş etdirməkdir.

Kampaniyanın yeni mərhələsində könüllülər vətəndaşlarda koronavirusdan qorunmaqdır. Bunun təşviq edilməsi məqsədilə könüllülər yeni maraqlı aksiyaya start veriblər.

Respublikanın şəhər və rayonlarında, o cümlədən Bakının 12 rayonunda keçirilən aksiya çərçivəsində əhalinin çox olduğu məkanlarda könüllülər vətəndaşlar arasında koronavirus və onunla mübarizə mövzusunda sorğu-viktorina keçiriblər. Suallara doğru cavab verən şəhər sakinlərinə hədiyyələr təqdim olunub.

Qeyd edilməlidir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.