İranlı ekspert Həsən Cabbari Nasir: “Bütün bunlar erməni təbliğatından başqa bir şey deyil” - MÜSAHİBƏ

13:20 27-05-2020 533

İran koronavirus epidemiyası və Qərbin sanksiyaları səbəbindən çətin vəziyyətdədir. Bu, sirr deyil. Lakin erməni analitiki Tevos Arşakyanın son açıqlaması gözlənilməz olub. Onun sözlərinə görə, İran “bu dövlət üçün dünyaya praktiki olaraq yeganə pəncərə kimi qalan” Ermənistanın sayəsində ayaqda dura bilib.

Siyasi elmlər namizədi, İran İslam Respublikası Sosial-Mədəni Problemlər Milli İnstitutunun elmi işçisi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsinin müəllimi Həsən Cabbari Nasir Media.Az-a müsahibəsində bu fikirlə razılaşmadığını bildirib:

- Sanksiyalar altında və koronavirus pandemiyası şəraitində olan İranda vəziyyət necədir?

- İranda iqtisadi və siyasi vəziyyətin fərqli olduğunu anlamaq lazımdır. Əlbəttə ki, sanksiyalar və koronavirus İran İslam Respublikasına (İİR) ciddi zərbə vurdu. İİR hətta Qazaxıstandan, Rusiyadan, Özbəkistandan tibbi maska ala bilmir, çünki bank sistemi ilə pul köçürmək mümkün deyil. Eyni problemlər dərmanlar üçün də var. Beləliklə, bir daha təkrarlayıram, sanksiyalar yaxın gələcəkdə bitməyəcək böyük bir problemdir.

Ancaq siyasi, diplomatik sahələrdə İranın mövqeyi güclüdür. Rusiyadan, Çindən dəstəyi var və bu, göz qabağındadır. Tehranın Bakı ilə sıx münasibətləri var, Türkiyə və hətta ərəb dövlətləri, məsələn, Küveyt, Qətərlə də yaxşı əlaqələri var.

- Ermənistanda deyirlər ki, İran İslam Respublikası Yerevan sayəsində sanksiyalar və koronavirus dövründə ayaqda durur. Çünki İranın bu ölkə ilə sərhədi açıqdır.

- Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi problemlər var. Bu ölkələrin yaxınlığında bir qonşu var - İran.

Azərbaycanla İran arasında müəyyən çətinliklər var, ancaq bu, problem deyil. Tehranda pantürkizmdən çəkinirlər. Eyni zamanda, İranın kursu iki istiqamətə yönəlib - İrançılıq və İslamçılıq. Bir daha vurğulayıram ki, Tehran Bakını dost hesab edir. Azərbaycanda müsəlmanlar yaşayır, bu, İslam Respublikası üçün vacib amildir. İran şəhərlərində, məsələn, Ərdəbildə və digər bölgələrdə əhali Azərbaycanı dəstəkləmək üçün mitinqlərə çıxır.

Ermənistana gəlincə, İranın bu ölkə ilə ümumiyyətlə, heç bir problemi yoxdur. Ermənilər iranlıların gözündə heç bir təhlükə yaratmır.

Bununla belə, Ermənistanla xüsusi iqtisadi qarşılıqlı əlaqə yoxdur, ancaq Azərbaycanla var.

Həmçinin, Ermənistandan İrana hər hansı yardım barədə eşitməmişəm. Məgər Ermənistan bizə koronavirus zamanı humanitar yardım göndərib? Yoxsa 100 milyon dollar yollayıb? Ya bəlkə, erməni tərəfi Ukraynadan, yaxud başqa bir dövlətdən gələn yüklərin ölkələrindən keçməklə İrana çatdırılmasına və pulunun ödənilməsinə kömək edib?

Ermənistan İrana mal və dərman tədarükü üçün bir haba çevrilməyib. Deməli, bütün bunlar sadəcə, təbliğatdır.