Köpəkdən vəfa örnəyi: Koronavirusdan ölən sahibini aylarla xəstəxanada gözlədi - FOTO

20:40 27-05-2020 330

Çinin Hubey əyalətinin Uhan şəhərində vəfalı it koronavirusdan ölən sahibini aylarla xəstəxanada gözləyib.

Bu barədə məlumatı “Oriental Daily News” çatdırıb.

Məlumata görə, COVID-19 diaqnozu qoyulan Uhan sakini fevral ayında xəstəxanaya yerləşdirilib, lakin koronavirusa məğlub olaraq, həyatını itirib. Onun vəfalı dostu isə xəstəxananı tərk etməyərək, aylarla, səbrlə sahibinin gəlməsini gözləyib.

Bu hal xəstəxananın yaxınlığındakı mağaza sahibinin gözündən yayınmayıb və o, itə qulluq etməyə başlayıb. İt də bunun əvəzini onun dükanını mühafizə etməklə çıxıb.

“Mən müvəqqəti olaraq mağazadan uzaqlaşanda Sya Bao (Çin dilindən tərcümədə “balaca möcüzə”) qapının ağzında uzanır və oranı qoruyurdu”, - deyə qadın vurğulayıb.

Mağaza sahibi onu evinə aparmağa bir neçə dəfə cəhd etsə də, hər dəfə it xəstəxanaya qayıdıb.

“Syao Bao danışa bilməsə də, onun sahibini axtardığını bilirik”, - deyə qadın bildirib.

Heyvanların xəstəxanada yaşaması qadağan olunduğundan hazırda vəfalı it tibbi mərkəzdən çıxarılıb və sığınacağa verilib.