Qerye gecə klubu açdığı üçün “Qarabağ”dan qovulub

11:54 17-07-2019 759

“Qarabağ”ın müqaviləsini pozduğu haiti futbolçu Vild-Donald Qeryenin Ağdam klubunun düşərgəsinə gec gəlməsinin səbəbi bəlli olub.

Haiti mətbuatı yazır ki, 30 yaşlı sol cinah oyunçusu 15 iyun-7 iyul tarixlərində ABŞ, Kosta Rika və Yamaykanın birgə təşkilatçılığı ilə keçirilmiş “Gold Cup” turnirində mübarizə aparıb.

Şimali, Mərkəzi və Karib dənizi hövzəsi ölkələrinin futbol millilərinin çıxış etdiyi turnirdə Haiti millisi qrupda bütün rəqiblərinə qalib gələrək lider olub. Kanada ilə görüşdə üçüncü qolu vurmaqla komandasını yarımfinala çıxaran Qerye iyulun 2-də turniri tərk edib. Çünki Haiti həmin gün sonradan turnirin qalibi olacaq Meksikaya əlavə vaxtda 0:1 uduzaraq mübarizəni dayandırıb və Yamayka ilə birgə yarışın üçüncüsü olub.

Bundan sonra o, Haitiyə qayıdıb və iyulun 9-da ölkə prezidenti Jovenel Moizin qəbulunda olub. Bu görüşdə Haitinin Baş naziri, Gənclər və İdman naziri, həmçinin, Haiti Futbol Federasiyasının Baş katibi iştirak edib. Yeri gəlmişkən, Qerye Prezidentin qəbulunda olan üç futbolçudan biri olub.

Həmin gün yerli vaxtla saat 15:30-dan axşam 20:00-dək Qeryenin məşhur olduğu cənub bölgəsində yerləşən, ölkənin üçüncü böyük şəhəri Le Kedə yerli camaat kütləvi şəkildə onu qarşılayıb. İnsanlar “Səni salamlayırıq, Donald, bizim haitili Messimiz” deyə futbolçunun şəninə tərif ediblər.

Bununla belə, Qerye yenə “Qarabağ”ın düşərgəsinə qoşulmağa tələsməyib. O, iyulun 15-də doğma şəhərində ölmüş qızı Mianın adına gecə klubunun açılışını edib.

Yeri gəlmişkən, Donald Qerye “Qarabağ”dan ayrılması ilə bağlı “Instagram”da paylaşdığı postunda incikliyini və maaşı ilə bağlı müqaviləsinin şərtləri ilə razılaşmadığını bildirib:

“Qarabağ”da oynamaq xoş idi. Amma müqaviləmiz mənim xeyrimə deyildi. Ona görə də klubla mən müqaviləmizin pozulması barədə razılığa gəldik”.

Qeyd edək ki, “Qarabağ” Donald Qerye ilə müqaviləsini pozduğunu dünən açıqlayıb.

Səbuhi Musayev