Quram Marhuliya: “Ermənilərin saxta hesabları gürcülər və azərbaycanlıların münasibətlərini pozur”

14:00 02-06-2020 620

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) millətlərarası qarşıdurmaya təhrik faktını araşdırmağa davam edir. Gürcüstan DTX-nin məlumatına görə, söhbət Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında qarşıdurmanı alovlandırmağa cəhd edən bir neçə qrup və bir sıra vətəndaşlardan gedir.

Gürcüstan DTX-dən bildirilib ki, hər iki tərəfdə milli şərəf və ləyaqətə xələl gətirən ifadələr və hərəkətlərin yayılmasına səbəb olan yalan və aqressiv çağırışlar aparılır.

Söhbət nədən gedir? Bu barədə Media.Az-a tarix elmləri doktoru, Qafqaz Geosiyasət Tarixinin Tədqiqi Beynəlxalq Mərkəzinin prezidenti, gürcü analitik Quram Marhuliya danışıb.

Bütün məsələ sosial şəbəkələrdə açılan saxta hesablardadır və üçüncü tərəf bunda maraqlı ola bilər: “Ermənilər Azərbaycan və gürcü adları ilə hesab açırlar, sonra bir-biri ilə mübahisə etməyə, təhqirə başlayırlar. Kənardan belə görünür ki, gürcülərlə azərbaycanlılar arasında mübahisə gedir. İnsanlar isə bunun saxta olduğunu anlamadan oxuyurlar. Nəticədə gərginlik yaranır. Burada hər şey sadədir”.