Bakı metrosunda polislə sərnişin arasında dava düşdü - YENİLƏNİB + VİDEO

17:00 02-06-2020 542

Bu gün sosial şəbəkə və xəbər saytlarında “Bakı Metropoliteni”nin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.

Bununla bağlı jurnalistlərin sorğusunu cavablayan DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etməyi və sosial məsafə saxlamağı tələb edirlər:

“Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sənişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar.

Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir.

Xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir”.

13:04

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitendə qeydə alınan hadisəyə münasibət bildirib.

Qurum rəsmisi HerGun.Az-a açıqlamasında bildirib ki, hadisə mayın 31-də metronun “Qara Qarayev” stansiyasında baş verib:

“Hadisə ilə bağlı qatar stansiyadan gec tərpənib. Bununla bağlı qatarların hərəkətində yubanma olub”.

12:00

Bakı metrosunda polislə sərnişin arasında mübahisənin təfərrüatı bilinib.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib.

Sərnişinlə polis arasında yaşanan dava səbəbindən qatarın stansiyadan hərəkətinə icazə verilməyib. Ümumilikdə, qatarların intervalında üç dəqiqəyə qədər gecikmə olub.

Polis əməkdaşları tərəfindən qatardan çıxarılan şəxs barəsində isə İnzibati Məhkəmə tərəfindən qərar çıxarılıb.

11:46

Bakı metrosunda polislə sərnişin arasında mübahisə yaranıb.

HerGun.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb. 

Paylaşım edən şəxs hadisənin ötən gün “Qara Qarayev” stansiyasında baş verdiyini qeyd edib.

İddiaya görə, metronun “Qara Qarayev” stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaranıb. 

Videogörüntüdə iki polis əməkdaşının sərnişinlərdən birini qatardan çıxarmağa çalışdığı əks olunub. Polisin hansı səbəbdən sərnişinlə mübahisə etməsi və onu qatardan çıxarmağa çalışması məlum deyil.

İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etməyib. Polis əməkdaşı ona yaxınlaşaraq, profilaktik söhbət aparıb, onun karantin qaydalarına riayət etməsini xahiş edib. 

Könül Cəfərli