Gürcüstan koronavirusun ikinci dalğasına hazırlaşır

03:40 05-06-2020 332

Gürcüstan beynəlxalq tərəfdaşlarla birlikdə COVID-19 epidemiyasının həyatın müxtəlif sahələrinə təsiri barədə geniş tədqiqat aparacaq.

“Sputnik Gürcüstan” bu barədə Gürcüstanın Baş naziri Georgi Qaxariyanın açıqlamasına istinadla xəbər yayıb.

Baş nazirin sözlərinə görə, hökumətin koronavirus pandemiyası ilə mübarizə istiqamətində atdığı addımlar barədə parlamentə hesabat üzərində işləmək, zəif cəhətləri müəyyənləşdirmək üçün çox yaxşı fürsətdir.

O qeyd edib ki, bu hesabat pandemiyaya qarşı mübarizənin daha təsirli hala gətirilməsi üçün araşdırmanın əsasını təşkil edəcək:

“Hər kəsin bəhs etdiyi mümkün ikinci dalğaya daha yaxşı hazırlaşmaq üçün bu hesabatı ilk addım olaraq beynəlxalq tərəfdaşlarımızla birlikdə COVİD-19 epidemiyasının həyatın müxtəlif sahələrinə - ictimai və siyasi həyata, insan hüquqlarına təsiri barədə genişmiqyaslı tədqiqatda istifadə etmək istəyirik. Əgər bunun qlobal pandemiya olduğunu söyləsək, təsirli cavab verməli, riskləri idarə etməliyik, buna görə də, təkcə iqtisadiyyata deyil, həm də həyatın müxtəlif sahələrinə uyğunlaşmaq üçün sosial həyatımızın bütün sahələrini təkrar sığortalamalıyıq. Düşünürəm ki, beynəlxalq tərəfdaşlarımız və donorlarımız ən qısa müddətdə belə tədqiqatlar aparmağımıza kömək edəcək”.

Qaxariya bu araşdırmanın təkcə ikinci dalğaya daha yaxşı hazırlaşmaq üçün deyil, eyni zamanda Gürcüstanın pandemiya ilə mübarizə təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşmək üçün əla fürsət olacağını vurğulayıb.