AQTA lisenziya vermədiyi sallaqxanalarda kəsilən ətin təhlükəsiz qida olduğunu necə təsdiqləyir?

16:55 17-07-2019 800

Qida Təhlükəsizliyi Agentliyinin əsas vəzifəsi Azərbaycan vətəndaşlarının təhlükəsiz qida məhsulu əldə etməsini təmin etməkdir. AQTA bu prosesi kiçik və orta sahibkarların işirakı ilə, mərhələli şəkildə həyata keçirməyi, bu sahədə vətəndaş məsuliyyətini artıracaq yöndə işlər görməyi qarşısına məqsəd kimi qoymuşdur.

Lakin, Agentliyin yerlərdə fəaliyyətinin müşahidəsi belə nəticəyə gəlməyə əsas verir ki, qurum bu müstəvidə nəinki məqsədə nail olmayıb, əksinə, məqsəddən uzaqlaşmaqdadır.

Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə Agentliyin işçilərinin məqsədlərinin başqa olması, dövlətin, cəmiyyətin, istehlakçının maraqları ilə ziddiyyət təşkil etməsidir.

Məlum olduğu kimi, Agentliyin yerli qurumları ət kəsimi "nöqtələrində" də qida təhlükəsizliyinə nəzarəti həyata keçirirlər. Amma necə? Xatırlatmağa dəyər ki, əvvəllər - yəni, Agentlik yaranana kimi bu işi Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidməti görürdü. Məhz Baytarlıq Xidmətinin balansında olan texnika və avadanlıqlar da Agentliyin sərəncamına verildi.

Bu isə o deməkdir ki, AQTA-nın göstərdiyi xidmətin keyfiyyətini artıracaq texnikanı modernləşdirməyib ki, bunu əsas göstərərək xidmətin qiymətini artırsın. Amma tezliklə müşahidə olundu ki, ət kəsimi məntəqələrində sözügedən qurumun əməkdaşları yürütdükləri qiymət siyasətində öz sələflərinin atasına rəhmət oxudurlar.

Məsələn, əvvəllər, yəni, Baytarlıq Xidmətinin nəzarəti dönəmində 1 ədəd xırdabuynuzlu heyvana görə analiz pulu 1 manat, iribuynuzlu heyvana görə 2 manat təşkil edirdisə, indi həmin qiymətlər iki-üç dəfə artaraq, müvafiq olaraq, 4 və 5 manata çatdırılıb. Nəzərə alanda ki, kəsim pulu (qəssab xidməti) olaraq da 3 və 5 manat, bundan əlavə, məntəqənin sahibkarına çatacaq bir o qədər "yer pulu" da ətin maya dəyərinə təsir edir, o halda bazarda ətin qiymətinin "od tutub yanmasının" səbəbini asanlıqla başa düşmək olur.

Mediatv.az-a verilən məlumata görə son 6 ayda AQTA-nın laboratoriyalarına analiz aparılması üçün gərəkən dərman preparatları verilmir. Belə çıxır ki, əslində heç bir analiz-filan da aparılmır. Daha acınacaqlı hal budur ki, bu ilin mart ayından üzü bəri heyvan kəsdirən şəxslərə ətin analizi xidmətinə görə onlardan alınan pulun məbləğini təsdiqləyən qəbzlər də verilmir.

Bu isə o deməkdir ki, AQTA mənsubları heç bir iş görmədən vətəndaşlardan pul toplamaqla və yəqin ki, "yuxarı" ötürməklə məşğuldur. Müşahidələr göstərir ki, hər sallaqxanada ay ərzində Agentliyin "dəyirmanından" keçən 100 min manatdan çox pul dövriyyə olur. Çeklərin verilməməsi də o deməkdir ki, yığılan pulların əksər hissəsi rəsmiləşdirilmir, şəxsi ciblərə axır.

Bu müstəvidə şəffalığın olmamasını deməyə əsas verən bir məsələ də ət kəsimi "nöqtələrinin" çoxunun AQTA-dan almalı olduqları lisenziya əldə etmədən qanunsuz fəaliyyət göstərməsidir. Təəccüblüdür, AQTA lisenziya vermədiyi sallaqxanada kəsilən ətin təhlükəsiz qida olduğunu necə təsdiqləyir!? Araşdırmalarımız davam edir.

Mövzuya qayıdacağıq.