Macarıstanın 10 ən nüfuzlu şəxsindən biri Azərbaycan əsillidir - FOTO

14:00 17-06-2020 311

Futbol üzrə Macarıstan çempionatının qalibi artıq bəllidir. Bu, dünən səfərdə “Honved” üzərində 2:0 hesabı ilə qələbə qazanmış “Ferentsvaroş” klubudur. Nəticədə, OTP Bank Liqada sona üç tur qalmış çempion erkən müəyyənləşib. Soruşa bilərsiniz ki, bundan bizə nə?

HerGun.Az bu dəfə klubun Azərbaycanla əlaqəsi barədə yazacaq.

Məsələ burasındadır ki, 121 illik tarixə malik Budapeşt klubunun prezidenti əslən azərbaycanlıdır. Bu, Macarıstanda Kubatov Qabor kimi tanınan Qabor Qubadovdur. Qubadovun Naxçıvanda anadan olmuş babası sovet rejimindən xaricə mühacirət edənlərdən biri olub.

Qabor Qubadov milli-mühafizəkar, sağçı “Fides” partiyasının üzvü kimi yerli parlamentin - Milli Assambleyanın üzvüdür. 2006-cı ildən deputat olan Qubadov 2015-ci ilin dekabrın 13-dən üzvü olduğu partiyanın dörd vitse-prezidentindən biridir.

2006-2010-cu illərdə Macarıstan parlamentinin Mədəniyyət və Media, 2006-2014-cü illərdə İnsan Hüquqları, Azlıqlar, Mülki və Dini İşlər üzrə komitələrinin üzvü olub. Qubadovun futbol funksioneri olması isə 2011-ci ilin fevralın 25-dən sayılır. Çünki o, bu tarixdə Budapeşt klubuna prezident seçilib.

O, bundan sonra daha iki dəfə həmin posta layiq bilinib. “Ferentsvaroş”un 31 çempionluğundan üçü Qubadovun prezidentliyi dövründə olub. Klubun 23 dəfə qazandığı ölkə kuboku yarışından son üçü də onun rəhbərliyi dövrünə aiddir. Həmçinin, iki Superkubok və iki Liqa Kuboku (ümumiyyətlə, bu titul klub tarixində yalnız onun vaxtında qazanılıb – S.M.). 2014-cü ildə klubun 22 min tamaşaçı tutumuna malik “Qrupama Arena”sı tikilib. 2014-2019-cu illərdə Macarıstan millisinin də istifadə etdiyi bu stadionun inşasına 40 milyon avro xərclənib.

“B-Közep” fan-klubunun üzvləri 2014-cü ildə yeni arenaya gəlməyəcəklərini (girişdə biometrik buraxılış sənədi tələb olunmasından narazı idilər – S.M.) və klubu boykot etdiklərini bildiriblər. 2016-cı ildə “B-Közep”in stadiona qaytarılmasında da Qubadovun rolu olub. Məhz fanatlar klub prezidenti ilə martın 24-də danışıqlar apararaq, narazılıqlarını dilə gətiriblər və onlara oyunlara stadiondan baxmağa icazə verilib.

Lakin Qubadovla bağlı mənfi məqamlar da var. Bunlardan biri klubun keçmiş radikal xuliqanlarından, o cümlədən qətl və digər ağır cinayətlərə görə məhkum olunmuş şəxslərdən ibarət özəl təhlükəsizlik təşkilatı yaratmasıdır. Təşkilat üzvləri futbol matçlarında nizam-intizama nəzarət edir, eyni zamanda ifrat sağ qanadın siyasi fəaliyyətində iştirak edirlər.

54 yaşlı Qabor Qubadov Aqneş adlı xanımla evlidir və bu evlilikdən Emma, Marsel və Oliviya adlı üç uşağı var. 2020-ci ildə dərc edilmiş məlumata əsasən, Q.Qubadov Macarıstanın 10 ən nüfuzlu şəxsindən biridir.

Səbuhi Musayev