Surxay Hadıyev: “ATU Tədris Cərrahiyyə Klinikasında 600-dən çox koronaviruslu xəstə müalicə alıb” - MÜSAHİBƏ

16:00 17-06-2020 469

Yaşadığımız mürəkkəb dönəmdə Azərbaycan səhiyyəsi və həkimlərimiz böyük fədakarlıqla COVID-19 pandemiyası ilə mübarizə aparırlar. Bu savaşda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (TCK) kollektivi öndədir. Klinikanın direktoru, professor Surxay Hadıyev bildirib ki, artıq bu ilin mart ayının sonundan etibarən ATU TCK-da koronaviruslu xəstələrin qəbuluna hazırlıq işlərinə başlanılıb. 

- Surxay müəllim, Azərbaycan Tibb Universiteinin Tədris Cərrahiyyə Klinikası koronaviruslu xəstələri qəbul edən ilk xəstəxanalardan oldu. Klinikada pandemiya ilə mübarizə, xəstələrin müalicəsi sahəsində görülən işlər haqqında nə deyə bilərsiniz?

- Aprelin 1-dən etibarən COVID-19 infeksiyası təsdiqlənən xəstələrin qəbuluna başlamışıq. İndiyədək 600-dən artıq koronaviruslu xəstə ATU Tədris Cərrahiyyə Klinikasında müalicə alıb. Bu gün ATU TCK-nın 400-ə yaxın əməkdaşı COVID-19 pandemiyası ilə mübarizəyə qoşulub. Onlar xəstələrin sağlamlığı uğrunda fədakarcasına işləyir, yorulmaq bilmədən onların müalicəsində iştirak edirlər.

Qeyd edim ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının açılışı 2013-cü ildə möhtərəm Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Bu, ölkə başçısı tərəfindən ATU-ya hədiyyə edilmiş dörd klinikadan biridir. İlk olaraq, 2002-ci ildə ATU-nun Stomatoloji Klinikası, sonradan 2007-ci ildə Onkoloji Klinika, 2010-cu ildə Tədris Terapevtik Klinika və nəhayət, 2013-cü ildə Tədris Cərrahiyyə Klinikası istifadəyə verildi. 14 mərtəbədən ibarət, müasir standartlara cavab verən möhtəşəm tibb ocağı xəstələrin və müəllim-tələbə heyətinin istifadəsinə verildi. Bu, nəinki regionda, MDB ölkələrində ilk belə universiet klinikasıdır.

ATU TCK-nın yaradılmasında əsas məqsəd xalqımıza ən yüksək səviyyəli tibbi xidmət göstərmək, hər kəsin ən son etibar edə biləcəyi referans diaqnostika, müalicə və cərrahi mərkəzi olmaq, bununla yanaşı, yüksək səviyyədə elm-tədris proqramları həyata keçirmək, tibbi kadrların hazırlanması səviyyəsini yüksəltmək idi. Hər gün, hər an bu məqsədlərimiz uğrunda çalışırıq. Bu yaxınlarda cənab Prezident İlham Əliyev də pandemiya ilə mübarizədə ATU Tədris  Cərrahiyyə Klinikasının adını xüsusi qeyd etdi. Bu, işimizə verilən böyük qiymət oldu.

- Ümumiyyətlə, Azərbaycan səhiyyəsi pandemiya ilə mübarizəyə nə dərəcədə hazır idi? Dövlət tərəfindən bu bəla ilə mübarizədə görülən işləri necə qiymətləndirmək olar?

- İndi yaxın keçmişə nəzər saldıqda, əminliklə deyə bilərik ki, ölkəmizin səhiyyəsi özünü yaxşı tərəfdən göstərə bildi. Biz qabaqcıl ölkələrin timsalında da səhiyyənin nə qədər çətinlik yaşadığını gördük. Ölkələrin çoxunda böyük çaşqınlıq olduğu halda, bizdə belə hal yaşanmadı. Çünki səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi tək indiki dövrdə yox, daim diqqət mərkəzindədir. Son illər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Son illər ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Bu işdə Səhiyyə Nazirliyinin işini də dəyərləndirmək lazımdır.

Ölkəmizdə daim səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldığından, pandemiya dövründə Azərbacyanda xəstələrin qəbulu ilə bağlı ciddi problem yaşanmadı. COVID-19-la mübarizə üçün yüksək səviyyəli təchizatı olan xəstəxanalar işə salındı. Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sərəncamlar verildi. Dövlət insanların sağlamlığının müdafiəsi sahəsində öz boynuna düşən öhdəliyi layiqincə yerinə yetirir.

- Lakin görülən tədbirlərə baxmayaraq, koronavirusa yoluxanların, həmçinin dünyasını dəyişənlərin sayı artmaqdadır. Bunun səbəbi nə ilə bağlıdır?

- Bəli, vəziyyət çox çətindir. İnfeksiyaya yoluxanların sayı artır. Ölkəmizdə kifayət qədər xəstəxana, çarpayı sayı var və xəstələrin müalicəsi üçün zəruri bütün addımlar atılır, lazımi dərmanlar ölkəyə gətirilir.

Fikrimcə, son günlər koronavirusa yoluxanların sayında artım dinamikası insanların sağlamlığına laqeyd, etinasız yanaşması ilə bağlıdır. Hətta dövlət başçısı səviyyəsində dəfələlərlə əhaliyə müraciət olunsa da, insanlar özlərini qorumurlar. Bu da son nəticədə problemlər yaradır. Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır.

- Sonda bugünkü tarix - 17 İyun - Tibb İşçiləri günü münasibətilə ürək sözlərinizi eşitmək istərdik.

- İndiki çətin və mürəkkəb zamanda qeyd etdiyimiz bu gündə hər bir tibb işçisini təbrik edirəm. Bizim elə həkimlərimiz, tibb bacılarımız və işçilərimiz var ki, uzun müddətdir öz doğmalarından ayrı qalıblar. Ağır durumda, xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar. Bu şərəfli peşə sahiblərini təbrik edirəm, onlara ən əsası can sağlığı arzulayıram. Ümid edrəm ki, dövlətimizin səyi, tibb işçilərinin fədakarlığı və əhalinin məsuliyyətli davranışı sayəsində bu bəlaya qısa zamanda qalib gələ biləcəyik.