Atasının təqaüdü ilə yaşayan Elnurdan etiraf: “Övladlığa uşaq götürmək istəyirəm” - FOTO

10:20 20-06-2020 503

“Hazırda Türkiyənin İzmir şəhərində tək yaşayıram. Dövlətimiz Türkiyədə yaşayan vətəndaşlarına koronavirus pandemiyası ilə əlaqədar 200 lirə yardım paylayır. Bunun üçün konsulluğa müraciət etmək kifayətdir. Bu köməkdən mən də yararlanmışam. 200 lirə ilə mən bir həftənin yarısı dolanaram. Amma sonraya çatmaz. Açıq deyəcəyəm, valideynlərim mənə kömək edir. Hazırda onların dəstəyilə yaşayıram. Anam və mən atamın dövlətdən aldığı təqaüdlə dolanırıq. Bu barədə danışmaqdan çox məmnun deyiləm. Başqa kömək gözləmirəm və axtarmıram. Heç vaxt kiməsə yazmamışam, nə də gözləmirəm ki, kimsə mənə kömək etsin. Xərclərimi minimuma endirməyə çalışıram ki, bu çətin dövrdə valideynlərimdən əlavə pul istəməyim”.

HerGun.Az xəbər verir ki, bu sözləri Azərbaycanı 2008-ci və 2015-cı illərdə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil etmiş və “O səs Türkiyə” müsabiqəsinin qalibi olmuş müğənni Elnur Hüseynov “Instagram”da canlı yayımda deyib.

“O səs Türkiyə”də birincilik əldə edəndən sonra gündəmdən, eləcə də səhnədən ilim-ilim itmiş sənətçi bir çox məqamları maddi problemlərlə əlaqələndirib:

“2015-ci ildə “O səs Türkiyə” müsabiqəsi ilə böyük irəliləyişim oldu. Müsabiqə zamanı bağladığım müqavilə mənə böyük çətinliklər və problemlər yaratdı. Bu muqaviləni imzalamamaq olmazdı. Çünki imzalamasaydım, həmin səhnəyə və mərhələyə keçə bilməzdim. Bu şirkət işləmək istəmirdi. Hər şey sadəcə, bu şou üçün idi. Heç kim səninlə işləmək istəmir. Mən onları yeni layihələr üzərində işə başlamağa inandırdım. Lakin nəticə etibarilə heç nə əldə olunmadı. Onlarla üç il vaxt itirdim. Həmin ərəfədə çox sayda sponsor və menecer mənimlə işləmək istəyirdi. Amma bu şirkətlə müqaviləmin olduğunu biləndə uzaqlaşdılar. Onlar həmin şirkətlə heç bir iş görmək istəmirlər.

Çünki adını açıqlamaq istəmədiyim bu nəhəng şirkət çox güclüdür. Danışıqlardan sonra məni tək qoydular.

Karyeramda mənə kömək etmək istəyən Ebru Gündeşin həyat yoldaşı - iş adamı Rza Zərrabla böyük problemlər yaşandı. O vaxt Türkiyədə dövlət çevrilişinə cəhd olmuşdu. Sonra devalvasiya oldu. İndi isə koronavirus... Buna görə heç bir layihəni həyata keçirə bilmədim. Layihə üçün yaxşı pulu olan bir dam olmalıdır və ya dam yoxdursa, pul olmalıdır. Mənim isə nə damım, nə də pulum var”.

Uşaqlıq illərini yada salan Elnur həm daxilən, həm də zahirən sadə insan olduğunu və təbiətlə sıx bağlılığını ifadə edib:

“Həmişə minimum səviyyədə yaşamaq istəyirdim. Hətta kimsə mənimlə şəkil çəkdirəndə utanıram. Düşünürəm ki, bütün bunlar uşaqlıqdan gəlir. Ya da valideynlərim bu duyğuları genetik xətlə mənə ötürüblər və ya göydən gələn hisslər, duyğulardır. Burnumu görmürəm. İnsanları görürəm və onları hiss edirəm. Faydalı olmağa çalışıram. İnsanlara deyil, daha çox təbiətə. Düzünü deyim ki, insanlardan çox təbiətə yazığım gəlir.

Bir uşaq kimi çox qəribə idim. Daim ağlayırdım və anamdan soruşurdum ki, insanlar niyə bu qədər qəzəblidirlər? Bütün bunları dəyişdirmək istəyirdim. Disleksiyam var. Hiperfəal uşaq idim. Əsəbi idim. Dostlarım yoxdur. Anam həmişə deyirdi ki, uşağımla hər şey yaxşıdır? Çünki dostlarım heyvanlar idi. İnsanların oyanmasının və nə etdiyimizi başa düşməyin zamanıdır. Biz eqoistik və yalnız özümüzü düşünürük”.

Psixoloji müalicə alan E.Hüseynov antidepressantlar qəbul etdiyini etiraf edib:

“Mən antidepressantlar qəbul edirəm. Psixoloq həmin dərmanları içməyimi məsləhət görüb. Bu dərmanları onun üçün qəbul edirəm ki, ətrafımda baş verən neqativlərə az reaksiya verim. Bütün problemlər başımızın içindədir. Özümüzə problem yaradırıq. Dişlərim, “buynuzlarım” və bütün bədənimlə Yer kürəsi uğrunda mübarizə aparacağam. Təbiət üçün faydalı olmaq istəyirəm”.

Müğənni evlənməyəcəyini, gələcəkdə övladlığa uşaq götürmək istədiyini bildirib:

“İstəmirəm ki, kimsə məndən övlad dünyaya gətirsin. Böyük maliyyə problemlərim var. Övladlığa qız və ya oğlan götürmək istəyirəm.

Özümüzü pis hiss ediriksə, bizi ruhlandıra bilən adamın yanına qaçırıq. İnsanlar beləcə, öz yarılarını axtarıb tapırlar. Mən yaxşı ata ola bilərəm. Dünyaya başqa bir uşaq gətirmək istəmirəm. Sadəcə, atılan bir uşağa kömək etmək istəyirəm. Maddi problemlərimi həll etsəm, gələcəkdə övladlığa uşaq götürəcəyəm. Bunu çox istəyirəm. O ki qaldı evliliyə, heç kimə borcum yoxdur və heç kim mənə borclu deyil”.

Rəşad Əliyev