Ana beş uşağını evdə qoyub bir neçə günlük bağ evinə getdi, körpələrin imdadına qonşular çatdı

05:00 23-06-2020 330

Uşaqların davamlı ağlamaq səsini eşidən qonşular, nəhayət, polisə müraciət ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gəldikdə isə mənzilin qapısının bağlı olduğunu görüblər. Məlum olub ki, anaları artıq bir neçə gündür, qapını azyaşlıların üzünə bağlayıb və bağ evinə gedib. Beş uşaq aclıqdan ağlayırmış.

REN TV-nin məlumatına görə, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.

Qapını açmaq üçün FHN işçiləri çağırılıb. Mənzildə 2, 3 və 9 yaşlarında oğlan uşaqları və 2007-ci il təvəllüdlü ekiz qızlar aşkar olunub.

Bildirilir ki, uşaqlar üçün qoyulan yemək elə həmin gün qurtarıb. Sonra onlar köməyə çağırmağa başlayıblar. Mənzildən çıxmaq üçün azyaşlıların açarı olmayıb. Onların fəryad səsini aşağı mərtəbədə yaşayan qonşu eşidib və polisə zəng edib.

Polislər qadınla əlaqə saxlaya bilməyiblər.

Ana elə həmin gecə evinə qayıdıb, lakin uşaqları mənzildə tapmayıb. Onlar yiyəsiz uşaqlar kimi xəstəxanaya yerləşdiriliblər.

Son məlumatlara görə, məsuliyyətsiz anaya qarşı cinayət işinə başlanılıb.