Azərbaycanlı əlil Rusiyada yanan avtomobilin sürücüsünü xilas edib - VİDEO

01:00 26-06-2020 470

Azərbaycanlı ikinci qrup əlil Elxan Əzizov Rusiyanın Krasnodar şəhərində yanan avtomobilin sürücüsünü xilas edib.

Tvkrosnodar.ru-nun məlumatına görə, şəhərdə taksi kimi fəaliyyət göstərən avtomobil qarşıdan gələn “BMW” markalı digər nəqliyyat vasitəsilə toqquşub. Güclü zərbədən taksi alovlanaraq yanmağa başlayıb. Bu zaman yaxınlıqda olan digər avtomobilin sürücüsü, azərbaycanlı, ikinci qrup əlil Elxan Əzizov başqa bir şahidlə birlikdə köməyə çatıb. Yanan avtomobilin sürücü hissəsində qapı kilidli olduğundan həmyerlimiz sərnişin qapısını açaraq sürücünü xilas edib.

Elxan Əzizov bildirib ki, həmin anda əlil və ürək xəstəsi olduğunu unudub:

“Mən hər şeyi unutdum, çünki insan həyatını xilas etmək lazım idi. Avtomobildə insan yanırdı. Buna necə laqeyd baxmaq olardı? Sonra ömrümün sonunadək özümü bağışlamazdım”.

Hadisədən sonra Elxan Əzizovu da xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. Hazırda o özünü yaxşı hiss edir.