ÜST məlumatları səhv şərh etməkdə ittiham olunur

05:20 27-06-2020 317

İsveçin məşhur virusoloqu Anders Teqnel Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə infeksiyanın yayılması ilə bağlı məlumatları səhv şərh etməkdə ittiham edib.

“Daily Mail” xəbər verir ki, isveçli alim kütləvi immunitetin yaranması üçün koronavirus pandemiyasının sərt məhdudiyyətlərinin rədd edilməsinin tərafdarıdır.

Ekspertin sözlərinə görə, ÜST İsveçin məlumatlarını səhv şərh edərək, “təhlükəli canlanma” olan 11 ölkənin siyahısına daxil edib. O, bunu “tam anlaşılmazlıq” adlandırıb və izah edib ki, son bir həftə ərzində yoluxma hallarının sayının artması əhalinin daha çox test verməsi ilə əlaqədardır. Ölkə daxilində xəstəxanaya yerləşmə və koronavirusdan ölənlərin sayı azalmaqdadır, bu isə İsveçdə vəziyyətin pisləşməsini göstərmir, əksinə, epidemiyanın məhvi deməkdir.

Anders Teqnel əlavə edib ki, ÜST rəsmiləri bu məsələ ilə əlaqədar İsveç hakimiyyəti ilə məsləhətləşməyiblər.

Eyni zamanda, virusoloq məlumatların bu cür səhv şərhinin avropalıların səyahət üçün məhdudiyyətlərinin qaldırılması mövzusu fonunda İsveçə zərbə vura biləcəyini vurğulayıb.

Pandemiya səbəbindən İsveçin sərt karantindən imtina etməsi beynəlxalq miqyasda müzakirə mövzusuna çevrilib. Ölkədə COVİD-19-a ümumilikdə 68 390 yoluxma hadisəsi qeydə alınıb, 5 230 xəstə dünyasını dəyişib. Bunun digər Şimali Avropa ölkələrindən daha yüksək göstərici olmasına baxmayaraq, İsveç iqtisadiyyatı artıq ilin ilk yarısında artım göstərməyi bacarıb.