Koronaviruslu xəstə: “Mənə heç nə olmaz deyirdim, iliklərimə qədər ağrı hiss edirəm”

07:40 30-06-2020 392

“Mənə heç nə olmaz deyirdim, iliklərimə qədər ağrı hiss edirəm”.

AA-nın məlumatına görə, bunu Türkiyənin Ankara şəhərinin sakini F.A. koronavirusa yoluxduqdan sonra başına gələnlər barədə danışarkən deyib. Onun sözlərinə görə, virusa baldızının evində qonaqlıq zamanı yoluxub.

F.A. xəstəliyin ilk günlərində halsızlaşdığını və iliklərinə qədər ağrı hiss etdiyini deyib. Ancaq o, bunu soyuqdəymə ilə əlaqələndirib. Bir neçə gün sonra baldızının və bacanağının koronavirusa yoluxduğunu öyrənəndə xəstəxanaya getmək qərarına gəlib. Testin cavabının müsbət çıxması ilə bərk qorxu keçirib:

“Baldızımın evinə qonaq getmişdik. Sosial məsafə qaydasına riayət etmədik, maska taxmadıq. Heç kim maskasız heç bir yerə getməsin. Bu, zarafat deyil. Başıma gəlməyənə qədər mən də vecimə almırdım. Nə sosial məsafəyə diqqət edərdim, nə başqa bir şeyə. Mənə heç nə olmaz deyirdim, amma oldu. Bu qorxunu yaşadıqdan sonra bütün insanlara demək istəyirəm: Qaydalara riayət edin, maska taxın. Çox təhlükəli dövrdəyik. Mən gec fərqinə vardım. Siz bunun ciddiyyətini anlamaq üçün gecikməyin”.

Testin cavabından dərhal sonra F.A. xanımı ilə birlikdə xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, quru öskürək, qızdırma sanki hər saniyə qalxırdı, bu da onların təşvişə düşməsinə səbəb olurdu. Daha böyük problem isə uşaqları ilə bağlı yaranıb. 

“Bu xəstəliyin yaxşı cəhəti ən azı, dostunu, qohumunu tanımağındır. Xəstəxanada qaldığım müddətdə uşaqlarımı əmanət edəcək bir yer tapa bilmədim. Heç kimi qınamıram. Hər halda, ölümcül xəstəlikdir. Bizdə testin cavabı müsbət olduğu üçün uşaqlarımızda da ola biləcəyini düşündülər. Buna görə uzaqlaşdılar. Uşaqlarımı böyük bacım götürdü. Bir çoxları çəkinir. Belə hala düşmək istəmirsinizsə, qaydalara riayət edin”, - deyə, o vurğulayıb.