AMEA əməkdaşları prezidentə müraciət etdi – “Adam dəhşətə gəlir”

20:37 15-06-2019 1170

AMEA-nın bir qrup əməkdaşı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. 

“Yeni Sabah.az”a daxil olan müraciətdə müəlliflər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Famil Mustafayevdən şikayət ediblər. Həmin müraciəti təqdim edirik:

“Cənab Prezident!!!

AAK-ın sədr əvəzi Famil Mustafayevin professor diplomunun verilməsində, AAK-ın “Elmi adlar və elmi dərəcələrin verilməsi qaydaları” haqqında Əsasnamənin 6-cı bəndinin 45-ci maddəsi kobud şəkildə pozulmuşdur.

Belə ki, həmin maddəyə əsasən kafedra üzrə professor elmi adı almaq üçün elmlər doktoru diplomunun təsdiqindən 4 il keçdikdən sonra AAK-a professorluğa sənədlər təqdim edilə bilər.

Famil Mustafayev isə elmlər doktoru dərəcəsi 24 iyun 2011-ci ildə təsdiq olduğu halda, “İqtisadi nəzəriyyə” kafedrası üzrə professor elmi adı 06 iyun 2014-cü ildə təsdiq edilmişdir. Yəni, heç 3 il də keçməmişdir. Əgər nəzərə alsaq ki, sənədlər AAK-da 4-5 ay ekspertiza olunur, deməli təxmin etmək olar ki, müddətdən 2 dəfə tez olaraq Famil Mustafayevin sənədləri qəbul edimişdir. Onda adam dəhşətə gəlir!! Bu qədər də prosedur pozuntusu olarmı?!

Vikipediyadan Famil Mustafayevin tərcümeyi –halına baxdıqda görünür ki, həmin dövrlərdə o, AAK-ın iqtisadiyyat ekspert şurasının sədri olmuşdur. Deməli, Famil Mustafayev həm də həmin dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Əsasnaməni kobud şəkildə pozmuşdur.

Əsasnamə isə gördüyünüz kimi, dəqiq, mütləq 4 il müddətini hamı üçün  qeyd -şərtsiz, zəruri  edir.

Hər bir halda F.Mustafayevin bugünkü professor diplomu legitim deyildir, prosedur pozuntusuna yol verilmişdir və deyə bilərik ki, SAXTADIR!

Əsasnamənin 9-cu “Elmi dərəcələrdən və elmi adlardan məhrumetmə və onların bərpa edilməsi” bölməsinin 54-cü maddəsində  yazılır ki, elmi dərəcənin və ya elmi adın şəxsə bu əsasnamənin tələbləri pozulmaqla verildiyi halda  elmi addan məhrum edilir.

Deməli, birmənalı şəkildə , Famil Mustafayev professor diplomundan məhrum olmalıdır! Çünki, saxtakarlığa yol verilmişdir! Həm də o, məsuliyyətə cəlb olunmalıdır, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün.

Ancaq , təəssüflər olsun ki, biz AMEA-nın institularında və hətta bəzilərimiz maddiyat ucbatından , ali məktəblərdə səhərdən axşama qədər çalışsaq da, Famil Mustafayev AAK rəhbərliyinə gəldikdən sonra bizim dosent elmi adı almaq üçün sənədlərimizi gecikdirir və ekspert şuralarına göndərir. Əvvəllər isə belə hallar olmurdu.

amea yr

Deməli, F.Mustafayev AAK sədri vəzifəsində obyektiv və təmiz işləməsinə inanmırıq, çünki,  o artıq ekspert şurasının sədri olduqda səlahiyyətlərindən sui-istifadə edərək özünə saxtakarlıqla professor diplomu verməyində böyük rol oynamışdır və həm də 90–cə illərdə Əmlak Komitəsində işləyərkən dövlətimizin əmlakını ( Bakı Mexaniki Təmir zavodunu) ÖZÜNÜNKÜLƏŞDİRMİŞDİR! İndi də var dövlət sahibidir. Biz düşünürük ki, AAK rəhbərliyi saxta professor diplomu olan  və dövlət əmlakını talayanların yeri deyildir.

Famil Mustafayevin doktorluq dissertasiyasının araşdırılması isə indi  sona çatmaqdadır və deyə bilərik ki, dəhşətli faktlar var. Famil Mustafayevin dissertasiyası , əsasən ,1998-2002 –ci illərdə Rusiyada müdafiə olunmuş dissertasiyaların birləşməsinin tərcüməsindən ibarətdir. Növbəti məktubumuzda Sizi bu şok faktlarla tanış edəcəyik.

Famil Mustafayev işə başlayan kimi, Ali Attestasiya Komissiyasının təcrübəli mütəxəssislərini (20 nəfər), o cümlədən əksəriyyəti professorlar olanı  heç bir səbəb olmadan kənarlaşdırmışdır. Kimləri dəvət etmişdir? Peşə təhsili Agentliyində və 1995-2000-ci illərdə Əmlak Komitəsində çalışan əməkdaşları (???) Burada nə baş verir? Ali Attestasiya Komissiyası əvəzinə Peşə Təhsili Komissiyası yaradılır?  Elmi adların və elmi dərəcələrın ekspertizası kimlərə həvalə olunur?! Buna göz yummaq isə, artıq, elmimizin faciəsidir!

Famil Mustafayev 1995-2000-ciillərdə Əmlak Komitəsində məsul vəzifədə işləmişdir. Bakı Mexaniki Təmir zavodunu, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özəlləşdirmişdir. Dövlətimizə maddi ziyan vurulmuşdur. İndi həımin zavod  KONTEKS MMC kimi faliyyət göstərir. Zavod əvvəllər sinaqoqun yanında fəaliyyət göstərirdi.

Sonrakı fəaliyyəti də Qiymətli kağızlar komitəsi olub. Axırıncı iş yerı Peşə təhsili Dövlət Agentliyi. Absurddur. Ölkəmizdə  elmi-pedaqoji kadrların yetişdirilməsində müstəsnə rolu olan Ali Attestasiya Komissiyasına Peşə təhsilindən rəhbər?

Elə 8 aylıq fəaliyyətində yol verdiyi ciddi nöqsanlar da ondan xəbər verir . Məsələn, Ekspert şuraları haqqında əsasnamənin 5-ci bəndinə əsasən Ekspert şurasının tərkibinə , bir qayda olaraq, elmlər doktorları daxil edilir və yalnız elmi katib fəlsəfə doktoru ola bilər. Ancaq 2019-cu ildə formalaşdırılmış  hər bir ekspert şurasına, mövcud Əsasnaməyə zidd olaraq, 3-4 nəfər fəlsəfə doktoru daxil edilmişdir. Özü də bunların ictimaiyyətdə bir alim kimi  heç bir nüfuzu yoxdur! Həm Əsasnamə kobud şəkildə pozulur, həm də təcrübəli elmlər doktorları ola-ola, tanınmayan, nüfuzlu elmi konfranslarda iştirak etməyən şəxslərin Ekspert şurasının tərkibinə daxil edilməsi nə məqsəd daşıyır? Cavab aydındır.Elmimizin səviyyəsini Peşə Təhsili səviyyəsinə endirmək!

Famil Mustafayevin rəhbərliyi dövründə təsdiq olunmuş dissertasiya işlərinin əksəriyyətində plagiat faktları vardır. Biz bu siyahını hazırlayırıq və növbəti məktubumuzda Sizə faktlarla məlumat verəcəyik.

Famil Mustafayevin doktorluq dissertasiyasının avtoreferatında (AAK-ın saytında var) elmi əsərlərinin siyahısına baxanda bir dənə də məqaləsi nəinki Tomson , İmpakt Faktoru yüksək olan jurnallarda, hec adicə Rusiyanın, Ukraynanın  jurnallarında məqaləsi yoxdur.

Son 10 ildə heç bir beynəlxalq, hətta respublika səviyyəli konfranslarda iştirak etməyib!

Belə bir şəxs başqalarından hansı mənəvi haqqla məqalələr və nüfuzlu konfrans materialları tələb edə bilər?

Ali Attestasiya Komissiyasına  BİZNESMEN yox, nüfuzlu alim rəhbərlik etsə bu təşkilata hörmət olacaq.

Famil Mustafayev özünə yaxın çevrənin adamlarına onun tezliklə AAK-a Sədr təyin edilməsi barədə Vergilər Naziri Mikayıl Cabbarovla söhbət etdiyini deyir.

Biz başa düşə bilmirik və inana da bilmirik ki, hörmətli M. Cabbarov elmin əsas sütünu olan təşkilatlardan biri olan AAK-a rəhbər gətirilməsində maraqlı ola. Sadəcə, F.Mustafayev Vergilər nazirinin adından istifadə edir ki, heç kim onun qeyri-qanuni əməllərini araşdırmasın”.

Müraciəti AMEA-nın bir qrup əməkdaşı imzalayıb:

Prof. Mansurov V.M.

Dos. Vəliyev İ.R.

Dos. Mirzəyev Q.B.

B.e.i. Musalı  T.K.

a.e.i. Rüstəmov Y.A.

Müraciətdə səslənən fikirlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq: