Rusiyalı ekspert: Azərbaycan özünü çox yaxşı müdafiə edə bilər

17:18 19-07-2019 1020

Rusiyanın “Eksport voorujeniy” jurnalının baş redaktoru, Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin eksperti Andrey Frolovun “Komsomolskaya pravda” qəzetinə müsahibəsi Ermənistan mətbuatını hiddətləndirib. Yerevanda hesab edirlər ki, “S-400” kompleksləri Türkiyəni gücləndirəcəyinə görə Ermənistan üçün də təhlükə artır.

Media.az-ın əlaqə saxladığı Rusiyanın “Eksport voorujeniy” jurnalının baş redaktoru Andrey Frolov sözügedən vəziyyəti şərh edib.

- Bu yaxınlarda sizin “Komsomolskaya pravda”da müsahibəniz dərc olundu. Müsahibədə Rusiyanın “S-400” hava hücumundan müdafiə komplekslərinin Türkiyəyə tədarükündən və onların ölkə ərazisində yerləşdirilməsindən söhbət gedirdi. Siz Türkiyə mənbələrinə istinad edərək “S-400”ün iki yerləşmə sxemini verirsiniz. Birincisi, Ankara ətrafında, ikincisi isə Ermənistanla sərhədə yaxın.

- Bəli, həqiqətən də belə məlumat var.

- Dörd ədəd “S-400” divizionunun göndəriləcəyi gözlənilir. Qalan iki divizion harada yerləşdirilə bilər?

 - İstənilən yerdə. Lakin düşünürəm ki, onlar tikilməkdə olan “Akkuyu” atom elektrik stansiyasını qoruyacaq.

- Türkiyəli ekspert Engin Özer də deyib ki, divizionlardan biri Türkiyənin şərqində, yəni Ermənistanla sərhədin yaxınlığında yerləşəcək. Müvafiq olaraq, “S-400” kompleksi Azərbaycan səmasını da qoruyacaq. Ermənistan mətbuatında hiddətlənirlər ki, guya indi Türkiyə Rusiyanın strateji müttəfiqi olan Ermənistanı hədəf altında saxlayır.

- Düşünürəm ki, bu dərəcədə mühakimə aparmağa dəyməz. Hər şeydən əvvəl unutmaq lazım deyil ki, Azərbaycanda “S-300 PMU2” var. Ona görə də Azərbaycan özünü çox yaxşı müdafiə edə bilər. Hərçənd nəzəri baxımdan, əlbəttə, Türkiyə ərazisindən Ermənistanın hava məkanını örtmək olar. Lakin təkrar edirəm ki, bunun anlamı yoxdur.

Xatırlayırsınızsa, bir müddət əvvəl bu komplekslərin Azərbaycanda yerləşdiriləcəyinə dair məlumatlar var idi. Bu məsələ ətrafında media sahəsində çoxlu spekulyasiyalar mövcuddur. Yeri gəlmişkən, Türkiyənin elə də çox “S-400”ü yoxdur, ölkədə digər uzaqmənzilli hava hücumundan müdafiə kompleksləri mövcud deyil.  

- Tədarük ediləcək dörd divizion Türkiyənin bütün ərazisini örtmür. Özünü müdafiə olunmuş kimi hiss etmək üçün Türkiyəyə nə qədər divizion lazımdır?

- Türkiyə böyük ölkədir, həm də çoxlu adaları var. Aydındır ki, iki alay kifayət etmir. Onlar hansısa konkret obyektləri qoruyacaq. Mükəmməl hava hücumundan müdafiə sistemi üçün azı 10 alay lazımdır.

- Bu, 20 divizion deməkdir, düzdür?

- Təqribən belədir.

“Stratfor” özəl kəşfiyyat-analitik agentliyinin məruzəsi haqqında nə düşünürsünüz? Məruzədə “S-400”ün yüksək səmərəli olduğu deyilir. Lakin qeyd edilir ki, “S-400”ü raketdən müdafiə üzrə əlavə qüvvələrlə qorumaq lazımdır, çünki bu kompleks kütləvi hücuma qarşı zəifdir.

- Mən bu məruzəni görmüşəm. Onun vəzifəsi “bal çəlləyinə qatran qaşığı” atmaq olub. Bəli, onlar kompleksi tərifləyiblər, lakin sonra nöqsanlar barədə danışıblar.