Dövlət Neft Fondunun hesabatlarının təqdim edilmə vaxtı dəyişdirildi

20:18 19-07-2019 930

“Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanlar imzalayıb.

Dəyişikliklərə əsasən, Dövlət Neft Fondunun icraçı direktoru Fondun illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının deyil, iyun ayının 30-dan gec olmayaraq Azərbaycan Prezidentinə təqdim edəcək, habelə internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirəcək.

Bundan başqa, Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabat Maliyyə Nazirliyi ilə əlaqələndirilməklə tərtib ediləcək və Neft Fondunun Müşahidə Şurasının və Hesablama Palatasının rəyləri ilə birlikdə Azərbaycan Prezidentinə təsdiq olunmaq üçün hər növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim ediləcək.

Bu hesabat da bundan əvvəl aprelin sonuna qədər təqdim edilirdi.