Argentinalılar Antarktidada tərəvəz yetişdirəcəklər

00:27 20-07-2019 1717

Argentinanın Milli Aqrotexnologiya Tədqiqat İnstitutu və Pataqoniya Milli Universiteti yeni layihə üzərində işləyir.

“RİA Novosti” xəbər verir ki, alimlər Argentinanın Antarktidadakı Marambio stansiyasında süni şəraitdə tərəvəz yetişdirmək üçün modul quraşdırırlar.

Bu məqsədlə uzunluğu 6 metr olan və dəniz yükdaşımaları üçün nəzərdə tutulmuş konteynerlərdən istifadə ediləcək.

Konteyner üç səviyyəsi olan iki sektora bölünəcək. Bundan əlavə, konteyner monitorinq və məlumat toplayan sistemlərlə təchiz ediləcək.

Hazırda infrastruktur üzərində işlər başa çatıb. Layihənin rəsmisi Xorxe məsələ ilə bağlı məlumat verib: “Hazırda biz cəfəri, reyhan, manqold və digər tərəvəzləri yetişdirməyi planlaşdırırıq. Bundan əlavə, təcrübəyə başqa meyvə-tərəvəzlərdən də əlavə etmək üzərində düşünürük”.

Əkilən tərəvəzlər bazada işləyən alim və hərbçilərin qida rasionunu zənginləşdirə bilər.

Qeyd edək ki, hazırda Argentina dövləti Antarktidada bir sıra elmi təcrübələr həyata keçirir.