Nərimanovda evlər yıxan ” Sipark “ın Çovdarovla müdhiş işbirliyi – Reportaj / VİDEO

14:52 06-01-2019 1108

Bakının Təbriz (köhnə Çapayev) küçəsində köhnə evləri yerlə-yeksan ediblər. HerGun.az - ın AzEuroNews.com-a istinadən məlumatına görə, sökülən yaşayış evlərinin ərazisi hasarlanıb.

► Ev yıxımında hərənin “payı”…

Həmin massivin çəpərlənərək “müvəqqəti narahatlığa görə üzr istəyirik” elanı “Sipark” tikinti şirkəti tərəfindən edilib.

Tikinti firması sakinləri köçürüb və yerində 6 girişli yaşayış binası inşa etməyə hazırlaşır.

Amma şirkət mülk sahiblərinin kirayələrə köçürülməsində, kompensasiyaların ödənilməsində narazılıq yaradıb.

Çünki tikiləcək binadan mənzillərin kvadratını azı 2000-2500 manatdan satmağı planlaşdıran “Sipark” evləri uçurulan vətəndaşlara 800-1000 manat təzminat verir.

Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) başçısı Abdin Fərzəliyev
Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) başçısı Abdin Fərzəliyev

Ümumiyyətlə, Nərimanov rayonunda pilot layihələrin icrası ədalətsizliklə həyata keçirilir.

Bu haqsızlıqda rayon rəhbərliyinin də “payı” var. Bir müddət əvvəl həyət evlərinin sökülməsi qarşıdurmaya səbəb olmuşdu.

► Şəbnəm Tovuzlu və MTN-ə gedən yol

Əməkdaşımız araşdırma zamanı öyrənir ki, “Sipark” inşaat firmasının adı təkcə ev sökülməsi ilə gündəmə gəlməyib. Bundan əvvəl şirkət haqda elektron KİV-də ciddi ittihamlar səslənib.

Belə ki, müğənni Şəbnəm Əsədova (Tovuzlu) bir vaxtlar sevgilisi olan Famil adlı iş adamı tərəfindən ayırlmaq istəyəndə təhdidə məruz qalmışdı.

Sənətçi Familin istəyi ilə MTN generalı Akif Çovdarovun hüzuruna aparılmışdı və müğənniyə təzyiq göstərilmişdi.

Şəbnəm Əsədova (Tovuzlu)
Şəbnəm Əsədova (Tovuzlu)

Məlum olub ki, MTN-də incidilən müğənni ilə münasibətləri olmuş Famil Qoçu oğlu Xəlilov Şəmkirin Şiştəpə kəndindəndir. Bakıya bir neçə ilə əvvəl Peterburqdan gəlib.

Həmin vaxt onunla birgə Bakıya Zaur Rəfael oğlu İmamverdiyev də gəlib. Bakıda Şəbnəmin sevgilisi ilə həmin Z.İmamverdiyev digər həmyerliləri, Şəmkirin Düyərli kəndindən olan Seymur İsayevlə biznes ortaqlığına qərar veriblər.

Bir haşiyəyə çıxaq ki, “Evrostroy” tikinti şirkətində həmin vaxt Seymur İsayevlə Hacı Rafael Qarayev şərik olublar.

Seymur İsayev
Seymur İsayev

Həmin Seymur İsayev ki, indi “Sipark”ın rəhbəridir. Ancaq məsələnin mahiyyəti başqadır.

S.İsayevin “Evrostroy” şirkətinə həmyerlilərini şərik etmək istəməsi o dövrdə R.Qarayevin ciddi narazılığı ilə qarşılanır.

Aralarında mübahisə yaranır. Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisələr sonda “Sipark” rəhbəri S.İsayevin MTN generalı A.Çovdarova müraciəti ilə nəticələnib.

Yəni, həm müğənninin sevgilisi olmuş Famil, həm onun şəriki Seymur MTN-nin odioz generalı, çoxsaylı cinayətlərin sifarişçisi, icraçısı, həbsdə olan Akif Çovdarovla ciddi əlaqələrə malik olublar.

► “Sipark” şefi şərikini vəhabi kimi tutdurub?

Mediada yazılan məlumatlarda deyilir ki, A.Çovdarov S.İsayevin tikinti şirkətini himayə edib.

A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub.

S.İsayev şəriki Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar.

Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Hacı Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər.

► Çovdarovun həbsi və Türkiyəyə qaçış

KİV yazır ki, bundan sonra Şəbnəm Əsədovanın sponsoru Bakıda çoxmərtəbəli binalar tikən şirkətin şəriklərindən birinə çevrilə bilib.

Famil Xəlilovla Seymur İsayev Akif Çovdarovun həbsindən sonra Azərbaycanı tərk ediblər.

Keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov
Keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov

Onların Türkiyədə məskunlaşdıqları haqda da məlumat var. Bildirilir ki, S.İsayev Türkiyədə otelçiliklə məşğuldur, onun “Sipark” adlı oteli var.

Şəriklərin Azərbaycanda qazanılan pullarla Dubayda çoxmərtəbəli bina tikintisi ilə məşğul olduqları deyilir.

Yalnız Çovdarova hökm oxunduqdan sonra meydana çıxan S.İsayev bu yaxınlarda mətbuata müsahibə verib, gördükləri işlərdən, Təbriz və H.Əliyev küçələrində bina inşa etmələrindən danışıb.

O, işinin əsas hissəsinin Türkiyədə olduğu söyləməklə yuxarıdakı iddiaları dolayısı ilə təsdiqləyib.

► Şəbnəmi MTN-dən “Sipark” rəhbəri çıxarıb

Ş.Əsədovaya gəlincə isə onun MTN-də 4 gün saxlanıldığı haqda iddia var. Həmin 4 gün ərzində müğənniyə Famil Xəlilovun bağışladığı, Keşlə bazarı ilə üz-üzə “Qafqaz” MTK-nın inşa etdiyi binadakı 3 otaqlı mənzildən zorla imtina etdiriblər.

Həmin mənzili isə Famil Xəlilovun adamı Abbas Həsənlinin adına rəsmiləşdiriblər. Müğənniyə isə deyiblər ki, onu MTN-dən azad edilməsini xahiş edən Seymur İsayevdir.

Guya Seymur İsayev onun MTN tərəfindən həbs edilməsini mətbuatda oxuyub və azad edilməsi üçün Akif Çovdarovdan xahiş edib.

Qeyd edək ki, “Sipark Qrup” bir neçə qurumdan təşkil olunmuş böyük şirkətdir. Bu şirkətin tərkibində “Sipark İnşaat”, “Sipark Turizm”, “Sipark Otelçilik”, “Sipark Əmlak”, “Sipark Media” kimi qurumlar fəaliyyət göstərir.

Bu günlərdə isə Qrupa Türk Dünyası Televiziyası(TDT) də əlavə olundu. “Sipark”ın baş ofisi İstanbuldadır. S.İsayevlə əlaqə saxlamaq istəsək də, mümkün olmadı. Mövqeyini dərc etməyə hazırıq.