“Azərişıq” üç rayonun 30-a yaxın kəndində yenidənqurma işləri həyata keçirir - FOTO

14:00 25-07-2020 309

“İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ, Ağsu Elektirk Şəbəkəsinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir”.

Bu barədə HerGun.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.

V.Aydınoğlunun sözlərinə görə, Ağsu rayonu Ağabəyli kəndinin ərazisində 35/10 kV-luq yeni yarımstansiyanın inşasına başlanılıb:

“Yarımstansiyanı qidalandıracaq 15 km uzunluğunda xəttin inşası tamamlanıb. Bununla da, 17 kənddə 3 000 abonentin enerji təchizatı tamamilə yaxşılaşacaq. Ümumiyyətlə, şəbəkə ərazisində son altı ay ərzində 10 kənddə elektrik enerji təchizatı tamamilə yenilənib.

Son altı ay ərzində 698 sayğac yenisi ilə əvəz olunub, 81 abonentə yeni sayğac quraşdırılıb. Yeni inşa edilmiş 110/35/10 kV-luq Ağsu yarımstansiyasında son tamamlama işləri aparılıb. 

Ağsu yarımstansiyası şəhərin mərkəzini və 65 kəndini, o cümlədən 11 min 300 abonenti fasiləsiz elektrik enerjisi təchiz edir. Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində istismara yararsız dayaq və naqillər, həmçinin, transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur.

Elektrik enerjisi təsərrüfatı 1960-cı illərdə qurulmuş əksər yaşayış məntəqəsində uzun müddətdir istismar səbəbində bir çox problemlər yaşanırdı. Elektrik enerji təhcizatı tamamilə yenilənən kəndlərdən biri də Qarayazıdır. 445 abonenti olan kənddə indi sakinlər fasiləsiz və kefiyyətli elektrik enerjisi ilə təmin olunub.

Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində 35/10 kV-luq “Pirkəkə” yarımstansiyasında əsaslı təmir işləri görülüb. Yarımstansiya 11 kəndi, üç min abonenti elektrik enerjisi ilə təmin edir.

Rayon ərazisində müxtəlif yaşayış məntəqələrində 20-dən çox 10/0,4 kV-luq TM və KTM şəbəkənin daxili imkanları hesabına təmir olunub və çəpərlənib”.

“Son bir neçə ay ərzində 103 fərdi abonentə yeni sayğac quraşdırılıb, 1679 ədəd köhnə tipli sayğac yeni müasir tipli sayğacla əvəz edilib”, - deyə “Azərişıq” sözçüsü əlavə edib.