Elşən Abduləzimov ermənilərin hücumuna məruz qalan soydaşlarımızın vəziyyətindən danışdı - VİDEO

11:40 26-07-2020 433

“Diaspor və səfirlik nümayəndələrinə daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücum edən 18 erməni təxribatçı saxlanılıb”.

Bunu “Xəzər Xəbər”ə müsahibəsində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi Elşən Abduləzimov deyib. 

Onun sözlərinə görə, 22 iyul tarixində səfirliyin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib. Bu ölkədə yaşayan yüzlərlə icma nümayəndəsi, eləcə də həmsərhəd Niderland, Fransa və Almaniyada yaşayan soydaşlarımız yüksək həmrəylik göstərərək diplomatik missiyanın ərazisinə toplaşıb, ermənilərin nümayiş cəhdini iflasa uğradıblar. Ancaq bunu həzm etməyən ermənilər vətəndaşlarımızın üzərinə hücum çəkməyə başlayıblar.

Elşən Abduləzimov bildirib ki, hazırda xəsarət alanların vəziyyətləri yaxşıdır. Onun sözlərinə görə, ümumilikdə baş vermiş hadisələrlə bağlı ətraflı hesabat və protokollar tərtib edilərək, Belçika Krallığının Xarici İşlər Nazirliyinə nota və digər aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib, erməni cinayətkarların cəzalandırılması tələb edilib. Nəticədə də bir neçə erməni təxribatçı Belçika polisi tərəfindən saxlanıb.

Elşən Abduləzimov onu da bildirib ki, ermənilərin əvvəlcədən planlaşdıraraq törətdikləri bu təxribatçı hərəkətlər Belçika dövlətinin ev sahibi kimi üzərinə götürdüyü öhdəliklərə və normalara əsasən Azərbaycan tərəfinin lehinədir. Buna görə də səfirlik həmin şəxslərin ən sərt şəkildə cəzalandırılması üçün bütün qüvvələri sona kimi səfərbər edəcək.