AOK prezidenti: EYOF Bakıda mükəmməl səviyyədə təşkil olunacaq

12:36 21-07-2019 28

XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF) Bakıda mükəmməl səviyyədə təşkil olunacaq.

HerGun.Az xəbər verir ki, bunu Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Yanez Kotsiyançiç bu gün start götürən EYOF ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu yarışları işıqlandıran mediaya böyük təşəkkür düşür:

“Mətbuat olmasa, biz ancaq kənd səviyyəsində olan yarışları təşkil edə bilərik. Bizim idman yarışlarımız daha kütləvi vüsət alır. KİV-in burada önəmi çox vacibdir. Avropa yeganə qitədir ki, gənclər üçün belə tədbir təşkil edir”.

Y.Kotsiyançik vurğulayıb ki, bu, yeniyetmələrin yarışıdır:

“Biz qış və yay festivalları təşkil edirik və təşkilati baxımdan heç bir qış və yay Olimpiya Oyunlarına mane olmuruq. Bakıdakı festival isə son üç festivalın ən böyüyüdür. İnanıram ki, bu tədbir mükəmməl səviyyədə təşkil olunacaq. Bu oyunların gələcəyi uğurlu olacaq”.

Qeyd edək ki, bu gün saat 20:00-da Bakı Kristal Zalında XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək. Yarış iyulun 27-də yekunlaşacaq.

Səbuhi Musayev