Rəsmilər yanğın ərazisində: Dəymiş ziyan hesablanır

15:18 21-07-2019 518

Bərdə Rayon İcra Hakimiyyətin başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Vahid Qarayev yanğın baş verən ərazidə olub.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, V.Qarayevlə yanaşı, rayon hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların rəhbərləri gecə saatlarında yanğının baş verdiyi Üzeyir Hacıbəyov küçəsindəki “Köhnə bazar” adlanan ərazidə olublar.

Onlar yanğından ziyan çəkən sahibkarlara görüşüblər.

İş adamlarına bildirilib ki, rayon Fövqəladə hallar komissiyası yanında xüsusi qrup yaradılıb. Qrup hadisənin səbəblərini və dəymiş ziyanı araşdırır.

Qeyd edək ki, umumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Yanğın nəticəsində sahibkarlara təxminən 500 min manatadək ziyan dəydiyi bildirilir.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülərək digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisəyə səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.