İynəli estetik prosedurlar ölümlə nəticələnə bilər? - Həkim-kosmetoloqdan vacib açıqlamalar - VİDEO

16:00 21-07-2019 821

Bir neçə gün öncə Moskvadakı estetik mərkəzlərdən birində üzünü masaj etdirən xanımın ölüm xəbəri yayılıb. Həmin xanımın üzündə iynə izləri aşkar olunduğundan, ağıla gələn ilk şey iynə vasitəsilə aparılan hansısa prosedurun letal nəticələrə gətirib çıxarmasıdır.

Bu xəbər isə iynə vasitəsilə həyata keçirilən estetik prosedurları şübhə altına alır, insanlarda müəyyən dərəcədə qorxu yaradır. Düzdür, bu hadisə Rusiyada baş verib, lakin ölkəmizdə də kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədərdir.

HerGun.Az sözügedən məqamları nəzərə alaraq, bu sahənin mütəxəssisi, həkim-kosmetoloq Sevinc Abdullayevaya müraciət edib.

Həkim estetik proseslərdən sonra baş verən neqativ hallardan danışaraq qeyd edib ki, kosmetologiya sahəsində təsadüfi insanların sayı xeyli çoxalıb:

“Son zamanlar kosmetoloji prosedurların mənfi nəticələri onu göstərir ki, bu sahədə tibbə aid olmayan insanların sayı çoxalıb. Onlar elə düşünürlər ki, kosmetologiya asan sahədir. Tibbi təhsili olmayan xanımlar bu sahəyə yönələrək kosmetologiya ilə məşğul olmağa başlayırlar. Sonda da xoşagəlməz nəticələr üzə çıxır”.

“İynəli estetik prosedurlara müraciət edən şəxs kosmetoloqa gedən zaman nələrə diqqət yetirməlidir” sualına isə kosmetoloq belə cavab verib:

“Öncə istifadə olunan preparat haqqında düzgün informasiyaya malik olmaq lazımdır. Bu preparatın Azərbaycanda sertifikatı olmalıdır. Bir sözlə, preparat ölkəyə rəsmi şəkildə gətirilməlidir. Həkimin pasiyentlə apardığı söhbət də çox önəmlidir. Həkim öncə pasiyentin orqanizminə bələd olmalıdır. Pasiyenti sorğu-sual etməlidir və bilməlidir ki, bu prosedura onun hansısa əks-göstərişi var, ya yox, orqanizmində hansı xəstəliklər var, hansı dərmanlar qəbul edir, bədənində allergiyalar olurmu. Çox vaxt bu sualları vermədən pasiyenti masaya uzadıb kosmetoloji prosedurlar aparırlar. Bu isə birmənalı şəkildə səhvdir.

Adi lidokainə belə pasiyentin allergiyası ola bilər. Bəzi vaxtlarda həkimlər pasiyentlərdən lidokainə allergiyası olub-olmadığını soruşmurlar. Nəticədə də pasiyent anafilaktik şok keçirərək ölə bilər. Biz prosedurdan öncə üzərində iş aparacağımız nahiyəyə keyidici kremlər sürtürük ki, ağrı azalsın və ya hiss edilməsin”.

S.Abdullayeva vurğulayıb ki, hamilə, süd verən qadınlara bu prosedur qəti qadağandır:

“Onkoloji, autoimmun, şəkər, qan xəstəliyi olan xəstələrin prosedurlardan uzaq durmaları məsləhətdir. Əgər pasiyentin kəskin şəkildə soyuqdəyməsi, qızdırması varsa, o, iynəli prosedurdan imtina etməlidir. Əgər xəstə ola-ola pasiyentə iynəli prosedur edilərsə, immunitet aşağı düşər, orqanizm zəifləyir. Nəticədə prosedurun əks-təsirlərinin üzə çıxması istisna olunmur”.

O əlavə edib ki, iynəli prosedur iflicə səbəb ola bilməz. Əgər botulotoksin (botoks) inyeksiyası üzə düzgün vurulmasa, hər hansısa əzələnin öz formasını dəyişməsi halları ola bilər:

“Məsələn, qaş, göz qapağı hissələrinə təsir göstərə bilər. Bunu pasiyentlər iflic kimi qəbul edirlər. Bu, müəyyən müddətlik iflic sayıla bilər, amma 3-4 ay keçdikdən sonra həmin əzələ öz əvvəlki formasını alır”.

Bəs iynəli prosedurların illər sonra hansısa fəsadları ortaya çıxa bilərmi? Kosmetoloqun cavabı belə olub:

“Bizim etdiyimiz prosedurlarda insan orqanizminə yaxın olan preparatlardan istifadə edirik. Onların tərkibində təbii maddələr var. Süni preparatlarla işləmirik və işləmək də istəmirik. Bu səbəbdən bu cür reaksiyalar ola bilməz. Sadəcə allergik reaksiyalar ola bilər”.

İynəli prosedurların mövsümünə gəlincə, mütəxəssis yay mövsümündə əksər kosmetoloji prosedurların aparılmasına məhdudiyyət qoyduqlarını deyib:

“Bütün günü Günəş vannası qəbul edən insanlara bu cür prosedurları qadağa edirik. Lakin elə xanımlar var ki, Günəşli havada vaxt keçirmir. Biz belə xanımlarda həmin prosedurları edirik və heç bir əks-göstərişlər və ya fəsadlar yaranmır”.

S.Abdullayeva onu da bildirib ki, pasiyentlər arasında ən populyar olan botoks, dolğular və üz dartdırmaq üçün “qızıl saplar”la prosedurlardır:

“Xanımlara tövsiyəm odur ki, özlərini dünyanın ən gözəl qadını hesab etsinlər. Komplekslərdən azad olsunlar. Düzgün və sağlam həyat tərzi keçirsinlər. Bütün bunlar olduqda üz dərisi də təravətli və gözəl olacaq. Ondan sonra hər hansısa kosmetoloji prosedurlar aparmaq olar. 

Kosmetoloqa gedən insan elə bir həkim seçməlidir ki, onun tibbi diplomu, kosmetologiyada sertifikatları və azı beş il bu sahədə iş təcrübəsinə malik olmalıdır. Pasiyentler ucuz preparatların, eləcə də prosedurların arxasınca qaçmasın. Həkim yanına gələndə öncə qiyməti soruşurlar. Nədənsə bizdə qiyməti daha önəmli sayırlar, nəinki peşəkarlığı”.

Rəşad Əliyev