Karantin qaydalarının riayət edilməsinə nəzarət davam edir - VİDEO

11:40 07-08-2020 381

Hər il minlərlə insanın üz tutduğu çimərliklər bu il pandemiya səbəbindən durğunluq yaşayır. Lakin bir neçə gündür ki, sakinlərə çimərliklərdən istifadə etməyə icazə verilib. Xəzər dənizinin Xaçmaz rayonu ərazisində də canlanma müşahidə olunur.

Baku TV xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət olunmasına nəzarət edilir. Eləcə də, rayon ərazisində yerləşən çimərliklərdə operativ qərargah tərəfindən elan edilən tələb və tövsiyələrə əməl olunmasına nəzarət həyata keçirilir. Şöbə əməkdaşları tərəfindən çimərliklərdə reydlər keçirilib, istirahətə gələn vətəndaşlar arasında izahedici söhbətlər aparılıb, onlara sosial məsafənin saxlanılmasının vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən rayon ərazisində insanların daha çox toplaşdığı ərazilərdə də reydlər təşkil olunub və karantin qaydalarını pozanlar aşkarlanıb.

DYP bölməsinin əməkdaşları isə rayon ərazisində sərnişindaşıma ilə məşğul olan taksi sürücülərinə qarşı reyd keçirib. Karantin günlərində hələ də qaydaları pozan sürücülərə rast gəlinib. Sürücülərə sərnişinləri arxa oturacaqlarda əyləsdirmələri, nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələri tövsiyə edilib.

Qeyd edək ki, şöbə əməkdaşları tərəfindən çimərliklərlə yanaşı, rayon ərazisində də mütəmadi reydlər davam edəcək.