Abşeron icra başçısının “qoçuları” Fatmaidə qanunsuz söküntü aparır?

20:43 15-06-2019 85

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovun “qoçuları” növbəti özbaşınalıq həyata keçirirlər.

Hərgün.az xəbər verir ki, Muxalifet.az-ın əldə etdiyi məlumata əsasən, icra başçısının göstərişi ilə Fatmaidə vətəndaşların evləri qanunsuz olaraq kütləvi surətdə sökülür.
Bu haqda redaksiyamıza məlumat verən sakinlər deyir ki, İ.Gülməmmədovanın “qoçuları” “Niva” avtomobilləri ilə əraziyə gələrək, ağır texnikanın köməyi ilə Fatmayi bağlarında aparılan tikintiləri heç bir əsası olmadan sökürlər.
Zərərçəkən vətəndaşlar bildirir ki, tikinti aparılması ilə bağlı vaxtında Abşeron rayon İcra Hakimiyyətinə lazımi sənədləri təqdim ediblər. Qanunla müəyyən olunmuş müddət ərzində İcra Hakimiyyətindən cavab gəlmədiyi üçün tikintiyə başlayıblar. Hansı ki, müvafiq qanunvericiliyə uyğun olaraq, İcra Hakimiyyətindən etiraz məktubu daxil olmadıqda, bu, vətəndaşın müraciətinə müsbət cavab verilməsi anlamına gəlir.
Bununla belə, icra başçısı İradə Gülməmmədovanın göstərişi ilə sakinlərə heç bir xəbərdarlıq edilmədən onları tikdiyi hasarların və evlərin kütləvi sürətdə söküntüsü aparılır.
Vətəndaşlar deyir ki, icar başçısı “qoçuları”nın bu özbaşınalığı sakinlər arasında kütləvi etiraza səbəb olub.
 

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.