Korrupsiyada ittiham olunan keçmiş ispan kralı ən bahalı oteldə yaşayır

04:20 08-08-2020 384

Korrupsiya qalmaqalı ilə İspaniyanı tərk edən keçmiş kral I Xuan Karlos Abu-Dabidə dünyanın ən bahalı otellərindən birinə yerləşib.

“İnterfax” xəbər verir ki, keçmiş monarx İspaniyadan şəxsi təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinə gedib və lüks “Emirates Palace”də qalır.

Bundan əvvəl mediada 2014-cü ildə taxtdan imtina edən monarxın Portuqaliya və ya Dominikan Respublikasında ola biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

I Xuan Karlos hazırda İspaniya kralı olan oğlu VI Filippə İspaniyadan ayrılma qərarı barədə avqust ayında məlumat verib.

Yerli mediada yayılan məlumatlara görə, keçmiş kralın 2008-ci ildə Səudiyyə Ərəbistanından İsveçrədəki bir hesaba 100 milyon dollara yaxın pul göndərməkdə əli ola bilər. "İnterfaks" xəbər verir ki , prokurorluq İsveçrədə araşdırmalara başlayıb.