Millimiz Türkiyəyə qalib gəldi

01:40 11-08-2020 528

Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında təşkil edilən internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü başa çatıb. 

Azərbaycan Şahmat Federasiyasından HerGun.Az-a sayına verilən məlumata görə, yarışın üçüncü - son günündə daha iki turun oyunları baş tutub. Əvvəlki partiyalarda üstünlüyü ələ alan yığmamız daha iki turu qələbə ilə sona çatdırıb.

V turda Azərbaycan komandası 4,5:1,5 hesabı ilə qələbə qazanıb. Komandamızda Günay Məmmədzadə, Vüqar Əsədli, Xanım Balacayeva qələbə qazandığı halda, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Gülnar Məmmədova heç-heçəyə razılaşıb. VI turda təmsilçilərimiz 5:1 hesablı qələbəyə sevinib. Rauf Məmmədov, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayeva rəqibi məğlub edib. Şəhriyar Məmmədyarovla Günay Məmmədzadə heç-heçə oynayıb. 

Altı turun yekun nəticəsində şahmatçılarımız qardaş ölkənin komandasına 26:10 hesabı ilə qalib gəliblər.

Sonda təşkilatçılar Azərbaycan – Türkiyə milli komandaları arasında dostluq görüşünün iki qardaş ölkənin federasiyalarının əməkdaşlığında yeni inkişaf mərhələsinə səbəb olacağını vurğulayıb.

FİDE tərəfindən keçirilən onlayn şahmat olimpiadasında hər iki komandaya uğurlar arzulanıb.

Qeyd edək ki, dostluq görüşü onlayn şahmat olimpiadasına hazırlıq məqsədi daşıyıb.