Bakıda seyfi “laqonda” ilə açdılar - Polis 34 mini aparan oğruları axtarır

12:18 22-07-2019 754

Naməlum şəxslər Bakının Yasamal rayonunda seyfdən iri məbləğdə pul oğurlayıblar.

Cinayət axtarış şöbəsinin əməkdaşları Abbas Mirzə Şərifzadə küçəsində yerləşən avtoservisdə törədilmiş oğurluq hadisəsini araşdırırlar.

Bu barədə HerGun.Az-a Yasamal Rayon Polis İdarəsindən məlumat veriblər. Cinayətkarlar qapının qıfılını sındıraraq profilaktoriyaya giriblər.

Obyektin sahibi 1944-cü il təvəllüdlü Əliabbas Qasımov polisə şikayətlə müraciət edib. O bildirib ki, cinayətkarlar tikinti aləti – “laqonda” ilə seyfi açıblar.

Cinayətklarlar 160x50 santimetr ölçüsündə olan seyfdən 34 min manat oğurlayıblar. Fakt üzrə şübhəlilər hələ tutulmayıb. 28-ci Polis Bölməsinin əməkdaşları bu istiqamətdə işləyirlər.

Servis işçilərindən birinin oğurluqda iştirak etdiyi güman edilir.

Ramella İbrahimxəlilova