Beş güləşçimiz Avropa Festivalının yarımfinalında

13:27 22-07-2019 636

Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.

HerGun.Az xəbər verir ki, ikinci yarış günündə yeddi çəkidə (dörd oğlan, üç qız) mübarizə baş tutur.

Sərbəst güləşdə Mircavad Nəbiyev (-48 kq) Rusiya yığmasının üzvü ilə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib. 6:6 hesabı ilə başa çatan görüşdə son xalı rusiyalı idmançı qazandığı üçün qələbə ona verilib.

Sabir Cəfərov (-60 kq) ilk mərhələdə macar rəqibinə vaxtından əvvəl (10:0) qalib gəlib. Belarus güləşçisi də eyni aqibətlə üzləşib – 12:1. O, yarımfinalda bolqarıstanlı İvan Stoyanovla qarşılaşacaq.

Yunan-Roma güləşində isə Qurban Qurbanov (-48 kq) da debütdə Polşadan olan həmkarına tam üstünlüklə qalib gəlib – 8:0. Dünya çempionumuz Türkiyədən olan rəqibinə də göz açmağa imkan verməyib (10:0). İdmançımız yarımfinalda belaruslu Maksim Stupakeviçlə yarışacaq.

Həsrət Cəfərov (-60 kq) əvvəlcə litvalı güləşçini çətinlik çəkmədən məğlub edib – 12:0. O, 1/4 finalda belaruslu Mikita Muraşkaya 13:5 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qadın güləşçilərimizdən Gültəkin Şirinova (-46 kq) 1/8 finalda Finlandiya təmsilçisini 7:4 hesabı ilə üstələyib. Həmyerlimiz Belarus idmançısını da 6:1 hesabı ilə devirərək adını yarımfinala yazdırıb. Onun bu mərhələdəki rəqibi fransalı Fanni Viqurodur.

Lalə Mirzəyeva (-49 kq) debütdə Moldova güləşçisi ilə bacarmayıb – 2:8.

Mərziyə Sadıqova (-61 kq) ilk görüşdə Ukrayna idmançısından güclü olub – 6:3. Daha sonra Rusiya güləşçisi ilə gərgin mübarizədən qalib ayrılan (1:1) Mərziyə yarımfinala yüksəlib. Onun finala çıxmaq uğrunda rəqibi türkiyəli Elmas Çəlikdir.

Səbuhi Musayev