FIFA20 Birinci Liqası: Naxçıvan, Quba və Qazax klublarının liderlik yarışı - FOTO

17:20 17-08-2020 450

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “İdman TV”, Azərbaycan Kiber İdman Federasiyası, Gaming League Azerbaijan (GLA) və “Topaz”ın birgə təşkilatçılığı, “BirBank”ın baş sponsorluğu ilə keçirilən FIFA20 1-ci Liqasının üçüncü həftəsi liderlərin amansız mübarizəsi ilə yadda qalıb.

16 turun yekununda liderlik mövqeyini qoruyan “Quba Tigers” məğlubiyyət acısı yaşamamış yeganə komandadır. Lider qrupundan “Nakhchivan Alinja Tower” ilə heç-heçə oynayan, “Qazakh Ashiqs” üzərində isə qələbə çalan “Quba Tigers” minimal itkilərlə turnirin ilk sırasında möhkəmlənib.

Həftə ərzində iki məğlubiyyətə uğrayan “Qazaxın Aşıqları” mövqeyini yaxşılaşdırsa da, liderdən artıq dörd xal geri qalır. “Aşıqlar”dan bir xal geri qalan və ikinci həftənin nəticələri ilə müqayisədə bir pillə geriləyən və III yerə enən “Nakhchivan Alinja Tower” komandası üçün də yola saldığımız həftə xeyli çətin keçib.

“Quba Tigers” ilə heç-heçə oynayan Naxçıvan komandası “Qazakh Ashiqs” komandasına və hətta turnir cədvəlinin XX sırasında qərarlaşan “Balakhani Oilers” kollektivinə məğlub olub.

Autsayderlər qrupuna nəzər saldıqda görürük ki, ikinci həftənin sonuncusu  olmuş və qələbə sevinci yaşamamış “Qakh Berkuts” komandası ötən həftənin yekununda ilk iki qələbəsini qazanaraq, sonuncu pilləni tərk edib.

Ötən həftəyə qədər XIII sırada qərarlaşan “Zaqatala Foresters” komandası üçüncü həftədə bir qələbə belə qazanmağa müvəffəq olmayıb və beş pillə geriləyərək autsayderlər qrupunda qərarlaşıb.

Qeyd edək ki, liqanın bombardirlər siyahısına hərəyə 40 qol vuran Tural Həsənov (“Karabakh Horses”) və Vahid Əfəndiyev (“Qazakh Ashiqs”) başçılıq edir. Rəhman Quliyev (“Shamakhi Lions”) 38 qolla üçüncü sıradadır.

Maraqlıdır ki, ilk sırada qərarlaşan “Quba Tigers” komandasının aktivində cəmi 29 qol var. Ancaq “Quba Tigers” 1-ci Liqanın ən az top buraxan komandasıdır və topların nisbətinə görə ilk sıradadır.

Futbol azarkeşlərini qızğın mübarizə vəd edən FIFA20 1-ci Liqasının qarşılaşmalarını canlı olaraq həftənin altı günü 12:00-dan 17:00-dək GLAHUB Youtube kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında izləməyə dəvət edirik.