SOCAR prezidenti Rövnəq Abdullayevə bağlı şirkətlər

23:10 22-07-2019 2486

SOCAR prezidenti Rövnəq Abdullayev təkcə ölkənin bir nömrəli dövlət şirkətini idarə etmir. Jurnalist araşdırması nəticəsində müəyyən olunub ki, onun nəzarəti altında Azərbaycanda onlarla başqa özəl şirkət də var. Bu şirkətlərin idarəçiliyi R. Abdullayevin qohumlarına və etibarlı adamlarına həvalə edilib.

R.Abdullayevə bağlı olan şirkətlər əsasən tikinti və kənd təsərrüfatı istehsalı sahəsində çalışır. Lakin ötən ildən başlayaraq o, təmsilçiləri vasitəsilə maliyyə sektorunda iştirakını artırmaqdadır.

2012-ci ilin iyulundan sonra yaradılan şirkətlərdə R.Abdullayevin benefisiar (gəlirdən son xeyirgötürənlərdən biri) olduğunu şirkətlərdəki əsas fiqurlar və təkrarlanan qeydiyyat ünvanları ilə müəyyən etmək olar. Bu şirkətlərin əksəriyətinin internet səhifəsi olmadığından fəaliyyətləri barədə ictimaiyyətə açıq məlumat yoxdur.

Qayınata

Şirkətlərin bir çoxunun idarəetməsi SOCAR prezidentinin qayınatası olduğu bildirilən Adəm Əliyevin əlində cəmləşib. 2018-ci ildə ləğv edilmiş “Xincab” MMC avtotəmir məntəqəsi kimi fəaliyyət göstərirdi. Adını Naxçıvan şəhərinin məhəllələrindən birindən alan bu şirkətin kapitalı ləğv edilməzdən qabaq 246 min manatdan 1 milyon 106 min manata qaldırılmışdı. Müəssisənin direktoru Adəm Əliyev idi. O, eyni ünvanda (Bakı şəhəri, Nizami rayonu, Nəvai küçəsi, 15) yerləşən “Bakimpeks” MMC-nin rəhbəridir. A.Əliyevin direktor olduğu daha bir şirkət isə “Sərv” MMC-dir. “Sərv” MMC ilə “Eyros” MMC-ni başqa bir ünvan (Bakı şəhəri, Nərimanov rayonu, Sülh döngəsi 2, ev 2, mənzil 16) birləşdirir. Birinci şirkətin nə işlə məşğul olduğu məlum olmasa da, digəri SOCAR-la ortaqdır. 2007-ci ildə Türkiyənin “DHT Holding” şirkətlər qrupuna bağlı olan “A.S.M Metal Uluslararası Dış Ticarət Şirkəti” ilə “SOCAR-ASM” MMC qurulub. Şirkətdə SOCAR-ın iştirak payı 30 faiz, Türkiyə tərəfinin payı isə 40%-dir. Üçüncü təsisçi isə “Eyros” MMC-dir. “SOCAR-ASM” şirkətinin əsas funksiyası Xəzər dənizində və quruda istifadəsiz metal qurğuların sökülməsi, batmış gəmilərin, istismar müddəti bitmiş boru xətlərinin kəsilərək çıxarılmasından ibarətdir. 2010-cu ildə bu birgə müəssisənin 2,3 milyon manat mənfəət qazanıb. “Eyros” MMC-yə isə hələ qayıdacağıq...

Vergilər Nazirliyi kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadən

Vergilər Nazirliyi kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadən

 

Azərbaycanda 1990-cı illərin əvvəlində “Tapet” yanacaqdoldurma məntəqələrinin yaradalması ilə biznes quran Turanlılar ailəsinə məxsus adıçəkilən holdinqlə Adəm Əliyev vasitəsilə işgüzar əməkdaşlıq bununla məhdudlaşmır. Holdinqlə ortaqlıq kimi qurulan bir çox şirkətdə (“Azər Toxum” MMC, “Azər Aqro” MMC, “AST Beynəlxalq Tikinti” MMC, “Azər Yem Sənaye” MMC) Adəm Əliyev rəsmi təsisçilər arasındadır. Qeyd olunan şirkətlər əsasən kommersiya hüquqi şəxslərin təsisçilərinin adlarının kommersiya sirri kimi gizli saxlanılmayan dövrdə yaradılıb. Bu şirkətlər Türkiyənin “DHT Holding” şirkətlər qrupuna daxildir. Qrup Azərbaycanda daha bir neçə şirkətlə təmsil olunur.

Türkiyəli ortaqlar

“Azər Yem Sənaye” MMC-nin təsisçiləri Turanlı Oğuzhan Əli oğlu və Adəm Əliyevdir. Balakən rayonunda illik 80 min yem istehsal etmək gücündə olan şirkətə 2007-ci ildə 2 milyon 684 min ABŞ dolları investisiya qoyulub.

“Azər Toxum” MMC və “Azər Aqro” MMC 2008-ci ildə Adəm Bayram oğlu Əliyev və Türkiyə vətəndaşı Emin Fahrettin Baburşahın təsisçiliyi ilə yaradılıb. Bir müddət sonra “Azər Toxum” MMC-də təsisçilərin strukturu dəyişib, onların arasına “Azər Aqro” MMC (payların 19,78 faizi) və dövlətə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ - 17,46%) daxil olub. “Azər Toxum” MMC nizamnamə kapitalı 100 manatdan 18,9 milyon manata, “Azər Aqro” MMC-nin – 4,4 milyon manata qaldırılıb. AİŞ Yevlax rayonunda ildə 100 min ton taxıl toxumu istehsal etmək planları quran toxumçuluq müəssisəsinin yaradılmasına şəriklərin 24 milyon ABŞ dolları sərmayə yatırdığını bildirir. Son 10 il ərzində “Azər Toxum” layihəsindən dövlətin nə qazanc götürdüyü haqda AİŞ informasiya vermir.

DHT qrupu “Azər Aqro” MMC-nin Azərbaycanda 10 min hektar sahədə əkinçilik, eləcə də damazlıq maldarlıqla məşğul olduğunu açıqlayır. Qeyd edək ki, işadamı E. Baburşah Azərbaycanda daha bir neçə şirkətin (“Azərtibbisənaye Qazlar” MMC, “Nota Lojistik” MMC və “A.S.M Metal Uluslararası Dış Ticarət Şirkəti”nin filialı) rəhbəridir.

“AST Beynəlxalq Tikinti” MMC-ni 2007-ci ildə Adəm Əliyev və İbrahim Kınyas Hüseyin Gürcü (Türkiyə vətəndaşı) təsis ediblər. 2008-ci ilin yanvarında təsis paylarında dəyişiklik edilib və “DHT Holding” indi onu öz qrupuna aid edir. Bu şirkət SOCAR-a məxsus yanacaqdoldurma stansiyalarının konseptinin müəllifi olmaqla yanaşı, dövlət neft şirkətinin Buzovnadakı VİP Qonaq Evinin tikintisində də iştirak edib.

Şuşalı Zeynal Əliyev və oğlu Rauf

“Azər Toxum” MMC və “Azər Aqro” MMC-yə Zeynal Hacıməmməd oğlu Əliyev rəhbərlik edir. O, həm də “Azər Yem Sənaye” MMC, “Azər Hunting” MMC, “Ameliorator” MMC və “AST Beynəlxalq Tikinti” MMC-nin direktorudur. 68 yaşlı Z. Əliyev Şuşa şəhərindən məcburi köçkündür. Şuşa şəhərində G.Əsgərov küçəsi, ev 7-də qeydiyyatda olan Zeynal Əliyevin müvəqqəti qeydiyyat ünvanı Bakının Yasamal rayonundakı yataqxanalardan biridir.

Zeynal Əliyev 1998-ci ildə “Naxcıvan” Sığorta Kommersiya Şirkəti adı ilə təsis olunun, 2010-cu ildən “Meqa Sığorta” ASC adı altında fəaliyyət göstərən sığorta şirkətinin 6 təsisçisindən biri olub. Hazırda o, şirkətin səhmlərinin 10 faizinin sahibi kimi təqdim olunur. Onun oğlu Rauf bu sığorta şirkətinin səhmdarları sırasına daxil olarkən 6 yaşı vardı. Hazırda onun “Meqa Sığorta” ASC-nin nizamnamə kapitalındakı payı 2 milyon 755 min manat və ya 19%-dir.

Rauf Əliyev 2017-ci ildə həm də “Rabitə Bank” ASC-nin səhmdarı olub. O, bu bankın səhmdarı, eləcə də “Meqa Sığorta” ASC-nin Müşahidə Şurasının üzvü olan Yaşar Qurbanovun səhmlərini əldə etməklə səhmdarlar arasına daxil olub. Ötən ilin mayında R. Əliyev bank kapitalındakı payını 40,6%-ə çatdırıb. Bu səhmlərin əldə olunması üçün ödənilən vəsaitin ümumi məbləği 41,1 milyon manatdır.meydan.tv