Qarabağ əlillərinə avtomobillər verildi

11:54 24-07-2019 17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı 50 minik maşını Qarabağ müharibəsi əlillərinə təqdim edilib. 

Avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdırıb.

O bildirib ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırılmasına, problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırılmasına imkan verib.

Bu tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın, nəticə etibarilə hər bir ailənin rifahına ciddi dəstəkdir.

Nazir müavini şəhid ailələrinə və müharibə əlillərinə qayğının ildən-ilə artırıldığını vurğulayıb. M.Kərimli diqqətə çatdırıb ki, sosial islahatlar paketinin tərkib hissəsi kimi, cari ildə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib. 

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tədbirlərinin gücləndirildiyini qeyd edən M.Kərimli bildirib ki, ötən il bu kateqoriyalardan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib.

Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 60 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6714 mənzil şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilib. 

Nazir müavini 2018-ci ildə müharibə əlillərinə 265 minik avtomobilinin verildiyini deyib. Bildirib ki, dövlət başçısının 18 mart 2019-cu il tarixli sərəncamı ilə müvafiq kateqoriyadan olan vətəndaşların avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə beş milyon manat ayrılıb.

Bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, cari ildə nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 200 avtomobil təqdim edilib. Bununla da indiyədək 6350-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.

Yeni minik avtomobili ilə təqdim olunan vətəndaşlar ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirlərindən, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan bəhs ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə avtomobillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.