“Narkoman” və “fahişə”lərin boşanmasının pərdəarxası

13:27 24-07-2019 374

Kubra Məhərrəmova yazır...

Son zamanlar Azərbaycanda boşanma sayının artması müşahidə olunur. Statistika belə rəqəmlər qarşısında təəccübünü gizlədə bilmir. Görünən odur ki, insanlar bir yerdə yaşamağa davam edə bilmir və nikaha son qoyurlar. 

Səbəb isə hər kəs üçün müxtəlif ola bilər. Mənə görə heç kim heç kimə hesabat verməli deyil, özündən başqa. Çünki ikinci dəfə heç kim həyata gəlmir, amma ikinci dəfə ailə qura bilər. Lap üçüncü dəfə olsun, özü bilər. 

İndi isə gəlib çatırıq ən maraqlı məqama. Nə qədər çətin olsa da, insanlar bir qərar veriblər və ayrılıblar. Təbii ki, evlənəndə ayrılmaq barədə düşünməyiblər. Çünki normal düşüncəyə malik olan hər kəs ailə qurmağa oyun-oyuncaq kimi baxmır. Hər halda mən elə düşünürəm. İndi həyat belə gətirdi ki, insanlar uzun ya da daha qısa müddətdən sonra qanuni münasibətlərinə son qoyurlar. Boşanma proseduru, məhkəmə, valideynlərin dava-qırğını, uşaqların ağlaşması, qayınanaların qarğışı və s. xoşagəlməz prosedurlardan sonra nəyahət, hər iki tərəf azad nəfəs alır. 

Bəli, cəhənnəmdən çıxdılar, indi hər kəs öz həyatı ilə məşğuldur. Məşğul olmağa imkan versələr əgər. Tanıyan, tanımayan hamı başlayır sorğu-suala. Niyə boşandınız? İçirdi, ya gəzirdi? Arvad pinti idi? Ya evdə tapılmırdı? Yəqin ananın üzünə qayıdıb... Ən populyar cavablar isə: kişi narkoman idi, arvad da gəzəyən. Beləcə, boşananlar canını boş suallardan qutarır. Dinləyici kütləsi də, başını təəssüflə tərpədərək, “vay-vay, indi hamı narkomandır (ya da fahişə)” deyir.

Cəmiyyətimiz isə həqiqətən əxlaqsız və tərbiyəsizdir. Bəli, tərbiyəsiz. Başqasının yatağına, ömrünə, cibinə, zənbilinə, soyuducusuna, həyatına girmək tərbiyəsizlikdir. Kimisə ittiham etmək əxlaqsızlıqdır. Sonda isə eşitdiyim çox maraqlı bir məsəli nəql etmək istərdim. 

Bir gün varlı bir kişi dostunun yanına gəlir və deyir ki, arvadımdan boşanıram. Dostu qayıdır ki, a kişi, nə deyirsən, o cür gözəl-göyçək arvadın var. Hamı sənə paxıllıq edir. O cür ailən, filan. Varlı kişi ayağındakı ayaqqabını çıxarır, qoyur stolun üstünə. Dostum, səncə bu ayaqqabının qiyməti neçə olar? Yaxşı bax, əsl dəri, əl əməyi, şəhərin ən bahalı ayaqqabı ustası bunu yalnız mənim üçün tikib. 

Dostu ayaqqabının gözəlliyini və bahalılığını etiraf edir. 

Varlı kişi: Amma bu ayaqqabının nə dərəcədə narahat olduğunu heç kim bilmir. Hamı yalnız onun xarici gözəlliyini görür. 

Beləcə, ümidvaram ki, başqasının şəxsi işinə, həyatına ikinci dəfə müdaxilə etmək istəyəndə, ən azı, bu məsəl yadınıza düşəcək. 

Hə, onu da deyim ki, Azərbaycanda ailələrin dağılmasının 90 faizinin səbəbi ailə işlərinə ailə üzvlərindən başqa hamının burun soxmasıdır.

Gününüz uğurlu olsun, burnunuzdan muğayat olun.