Deputatın maket təklifinə federasiyalardan münasibət: “Maketlə məşq olar?!”

18:00 22-09-2020 480

Deputat Müşfiq Cəfərov Milli Məclisin dünən keçirilmiş Gənclər və idman komitəsinin iclasında idman zallarının bağlı qalması məsələsindən danışarkən maraqlı təklif irəli sürüb. 

O qeyd edib ki, pandemiya dövründə iki nəfərin döşək üstündə güləşməsi qapalı məkanda problem yarada bilər, ancaq bundan çıxış yolu var:

“Bunun üçün xüsusi maketlər var. Onlardan bir neçəsini alıb idman zallarına qoya bilərik. Bunu operativ qərargaha təklif kimi verə bilərik. Belə olarsa, idmançılar öz formasını itirməyə bilər”.

O, deyib ki, əks halda güləş, cüdo, sambodan olan idmançıları bir müddətdən sonra itirə bilərik.

Bəs maketlər bu idman növlərində məşq etmək üçün faydalı ola bilərmi? 

HerGun.Az məsələ ilə bağlı adı çəkilən idman federasiyaları ilə əlaqə saxlayıb.

Əvvəlcə Azərbaycan Güləş Federasiyasından fikir öyrəndik:

“Bizdə elə maketlər var və güləş zallarında həmişə istifadə olunan avadanlıqdır. Ona güləş müqəvvası deyilir. Ancaq bütün məşqi onunla keçirmək mümkünsüzdür. Ondan ancaq məşqin bir hissəsində, hansısa elementi yerinə yetirərkən istifadə olunur”.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin məsələyə reaksiyası belə olub:

“Əlbəttə ki, xeyr. Cüdo elə bir idman növüdür ki, orada rəqiblə təmasda olmalısan. Onu tutmalısan, rəqibi hiss etməlisən. Əlbəttə ki, pandemiya dövründə çətin məsələdir. Avropada pandemiya bizdəkindən yüksək səviyyədədir. Amma orda məşqlərə icazə verilir. Təbii ki, bizdə də olsa, əla olar. Amma hökumətin qərarı pandemiyanın qarşısının alınmasına hesablanıb. Maket məsələsi ilə formada qalmaq mümkün deyil”.

Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da maketlə məşq etməyin mümkünsüz olduğunu bildirib:

“Açıq havada nə qədər məşq etsələr də, idmançılar əvvəlki formasını yığa bilməz. Ümumiyyətlə, yarış olmasa, idmançılar passivləşir. Yəni, gecə-gündüz məşq etsən də, yarış olmasa, bir xeyri yoxdur. Açıq havada nə qədər kross qaçmaq, futbol oynamaq olar. Döşəkdə məşq etməsən, fəndlərin üzərində işləməsən, əvvəlki samboçunu görmək mümkün deyil. Bu, yüngül atletika deyil ki, ancaq qaçsın. Samboçu zalda güləşməlidir. Amma maketlə güləşmək… Maketlə iş alınar?! Zalların bağlı olması Gənclər və İdman Nazirliyindən asılı deyil. Buna operativ qərargah qərar verməlidir. Hər bir insan məşq etmədikcə, formasını itirir. Futbolda artıq biz bunu görürük”.

Səbuhi Musayev