Nəriman Abbasov titulunu qorudu və qələbəsini ölmüş qardaşına həsr etdi - VİDEO

02:00 26-09-2020 456

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Fight Nights Global” təşkilatının çempionu titulunu qoruyub. 

İdmançımız buna Rusiyanın paytaxtı Moskvada keçirilən döyüşdə nail olub. 

“Fight Nights Global 98” turniri çərçivəsində döyüşə çıxan Abbasov rusiyalı rəqibi Mixail Qoqitidze ilə üz-üzə gəlib. 26 yaşlı döyüşçümüz beş raundluq qarşılaşmanı vaxtından əvvəl bitirib. O, ikinci raundda rəqibinə boğucu fəndlə qalib gələrək yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub.

Nəriman Abbasov qələbəsini fevralda Ramana qəsəbəsində dəm qazından zəhərlənərək ölən 17 yaşlı qardaşı Arzumana həsr edib. O, zaldan xahiş edib ki, MMA döyüşçüsü olan qardaşının xatirəsi bir dəqiqəlik anılsın. Zal onun xahişini yerinə yetirib.

Qeyd edək ki, Nəriman Abbasov bu qələbə ilə karyerasının 25-ci zəfərinə sahib olub.

Səbuhi Musayev