Azərbaycan - Türkiyə və Ermənistan?!

13:00 26-09-2020 415

Yola saldığımız həftə ciddi siyasi hadisə və tədbirlərlə zəngin oldu. COVID-19 pandemiyası elan edildikdən sonra BMT kimi ən nüfuzlu beynəlxalq məkanda dövlət və hökumət başçılarının videoformatda bəyanat və açıqlamalarına şahidlik etdik.

Sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda,sentyabrın 24-də isə BMT Baş Assambleyasının 75-ci sessiyasında Azərbaycan Prezidenti cənab İlham Əliyev son 30 ildə ermənipərəst lobbilərin və qüvvələrin səyi nəticəsində gözardı etdirilən həqiqətləri, xalqımızın haqlı gözləntilərini dünya ictimaiyyətinə bir daha açıq şəkildə çatdırdı. Həqiqətlərdən biri o idi ki, iyul ayında təxribatı törədən də, sülh danışıqlarını mənasızlaşdırıb heçə endirən də məhz işğalçı Ermənistan və onun siyasi rəhbərliyidir.

O Ermənistan ki, irqçilik, dini və milli zəmində insanlığa nifrət, yeni ərazilər uğrunda yeni müharibə və nasist ideologiyası onun dövlət siyasətinin təməlində dayanır. Dövlət başçımız “Qarabağ Ermənistandır” deyən Paşinyanın cəfəng bəyanatına, qədim Şuşamızda dırnaqarası “inaqurasiya tədbirinin” məqsədli şəkildə keçirilməsinə diqqəti yönəltməklə faktiki olaraq dünya birliyinə səsləndi: niyə bunları, bu təxribatları görmək istəmirsiniz?

Cənab Prezident ictimai diqqəti Ermənistanın başqa təxribatına da yönəltdi: Qarabağa Yaxın Şərqdən etnik ermənilərin köçürülməsi 1949-cu il Cenevrə Konvensiyasının pozulması, növbəti hərbi cinayətə yol verilməsi deməkdir və bu, həmsədrlər üçün də sirr deyil. Buna baxmayaraq, Ermənistanın davam etdirdiyi hərbi cinayət və təxribatlara, işğal və ilhaq siyasətinə adekvat beynəlxalq reaksiya hələ də yoxdur.

Prezident İlham Əliyevin Baş Assambleyada səsləndirdiyi bu fikrlər diplomatiya leksikonunda  əslində o demək idi ki, dünyanın gözü qarşısında Baş Assambleyanın özünün qəbul etdiyi 62/243 saylı qətnaməsinin tələbinə də Ermənistan məhəl qoymur, maraqlı dövlətlər isə buna biganə qalır. Halbu ki, qətnamənin tələbinə görə, Azərbaycanın işğal edilmiş bölgəsində vəziyyətin olduğu kimi saxlanılmasına hər hansı bir dövlətin yardım göstərməsi qadağandır.

Prezident İlham Əliyev xalqımızın haqq etdiyi və illərdir ki, cavabını tapa bilmədiyi başqa bir həqiqətin də üzərində düşünməyi dünya ictimaiyyətinə təklif etdi: BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi, imperativ mahiyyətli 822, 853, 874 və 884 nömrəli qətnamələri Ermənistan hansı səbəbdən saya salmır? Bu saymamazlıqlar dünyanın, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin gözləri önündə baş versə də, cəmiyyətimiz buna da  adekvat reaksiyanı görə bilmir.

Cənab Prezident diplomatik ritorikaya uyğun tərzdə səsləndirdiyi haqlı açıqlamalarını ədalətli və məntiqi təkliflərlə yekunlaşdırdı: ciddi islahatlar, qlobal təsisatların yaranması və yeni hüquqi mexanizmlərin formalaşdırılması zamanın tələbidir. Elə təsisatlar ki, onlar BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin icrasına Ermənistan kimi işğalçıları məcbur edə bilsinlər. Bu, bir tərəfdən beynəlxalq hüququn aliliyinə ictimai inamı bərpa edə, digər tərəfdən isə beynəlxalq təşkilatların nüfuzuna xələl gətirilməsinin qarşısını ala bilər.

Prezidentimizin irəli sürdüyü digər təklifin məna yükü bundan da dərin oldu: “Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir”. Dövlət başçımız reallıqları, cəmiyyətimizin gözləntilərini, bizlərə məlum olub-olmayan həqiqətləri nəzərə alıb, deməli olduğunu nüfuzlu beynəlxalq məkanda bir daha dedi və aidiyyatı ünvanlara gərəkli mesajlarını göndərdi.

Şübhəsiz ki,bu cür beynəlxalq platformalarda təsadüfi bəyanatlar verilmir, açıqlamalar səsləndirilmir və təkliflər irəli sürülmür. Bu zaman diplomatik ritorikadan istifadə olunsa da, onların hər birinin arxasında beynəlxalq və dövlətlərarası münasibətlərə, onların gələcək perspektivinə aydınlıq gətirən məqamlar xüsusi yer alır. Cənab Prezidentin bəyanat və təklifləri həm də bu mənada dövlət siyasətinin gələcək prioritetlərini müəyyən edirdi. Xüsusi diqqət çəkən bəyanatlar sırasında Prezident İlham Əliyevin bu açıqlaması da təsadüfi deyildi: “İyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq... Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”. 

Böyük siyasi gündəmin özəlliklərindən biri də o oldu ki, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli İclasda Ermənistan-Azərbaycan münaqişəsinə əlahiddə yer ayırdı: “İyul ayında Azərbaycan ərazilərinə hücum edən Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha sübut etdi”. Şübhəsiz ki, iki qardaş ölkənin Prezidentlərinin üst-üstə düşən bəyanat və açıqlamaları, verdikləri təkliflər dünyanın yeni düzənini müəyyən edənlərə tutarlı və ciddi ismarıclar demək idi.

Həftənin siyasi gündəmi bununla bitmədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusu nümayəndəsi Toivo Klaarı qəbul etdi və  BMT platformasında səsləndirdiyi fikirləri daha detallı şəkildə xüsusi nümayəndənin diqqətinə çatdırdı, iyul təxribatında Ermənistanın güddüyü hədəfləri bir daha açıqladı: Azərbaycanın yeni ərazilərinin işğalı, danışıqlar masasında daha güclü mövqe əldə etmək, strateji infrastrukturumuza zərər yetirmək, Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaq, ən əsası, münaqişəyə üçüncü tərəfləri cəlb etmək...

Cənab Prezidentin səsləndirdiyi detallar arasında incə məqamlardan biri xüsusi diqqət çəkirdi: “Səbəblərdən biri də danışıqlar prosesini pozmaq idi. Bəlkə də başqa səbəblər var idi, lakin düşünürəm ki, bunlar əsas səbəblər idi. Onlar məqsədlərinə nail ola bilmədilər”.

Cənab Prezident Avropa dövlətlərinə və Avropa Komissiyasına Ermənistanla bağlı açıq ismarıcını da göndərdi: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.

Avropa İttifaqının xüsusi nümayəndəsinin bu səfəri fevral ayından sonra sayca ikincidir və sözsüz ki, regionumuzdakı narahatlığa reaksiyanın ifadəsidir. Cəmiyyətimizin isə BMT-dən, ATƏT-dən, bütövlükdə dünya birliyindən gözləntisi odur ki, Ermənistanın hazırladığı yeni təxribatlara beynəlxalq təşkilatların adekvat reaksiyaları ilə yanaşı, işğalçının Qarabağdan çıxarılmasında və beynəlxalq hüquqa hörmətə məcbur edilməsində real töhfələrini görə bilsin...

Milli Məclisin deputatı

Ülvi Quliyev