Ceyhun Bayramovla Lavrov cəbhədəki vəziyyəti müzakirə etdi - YENİLƏNİB

19:00 27-09-2020 457

Cari ilin 27 sentyabr tarixində qarşı tərəfinin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Rusiya Xarici İşlər naziri bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib və atəşkəsin bərpa olunmasının vacibliyini qeyd edib.

Qeyd olunub ki, nazir Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını qeyd edib və bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirib.

Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyi qeyd olunub.

16:05

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə məlumatı Rusiya XİN-i yayıb.

S.Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsindən narahat olduqlarını bildirib.